...

Ötən il ETSN-in “Qaynar xətt”inə 4630 şikayət daxil olub

Cəmiyyət Materials 12 Yanvar 2017 11:28 (UTC +04:00)
2016-cı il ərzində ETSN-in “Qaynar xətt”inə ümumilikdə 4630 şikayət daxil olub.
Ötən il ETSN-in “Qaynar xətt”inə 4630 şikayət daxil olub

Bakı. Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) 24 saat fəaliyyət göstərən 168 nömrəli “Qaynar xətt”i vasitəsilə ölkə ərazisində ətraf mühitin mühafizəsi ilə əlaqədar ekoloji tarazlığın qorunması, ekoloji qanun pozuntuları və digər ekoloji hallar barədə şikayət və müraciətlər qəbul edilir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, 2016-cı il ərzində ETSN-in “Qaynar xətt”inə ümumilikdə 4630 şikayət daxil olub. Onlardan 4264-ü nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılaraq qanunamüvafiq tədbirlər görülüb, digər müraciətlərin araşdırılması isə hazırda davam etdirilir. Daxil olan şikayətlər əsasən, ağacların kəsilməsi və aşma təhlükəsinin olması, məişət tullantılarının qalaqlanması, atmosfer havasının çirklənməsi, çirkab suların axıdılması, yerin təkindən istifadə, flora və faunanın mühafizəsi, səs-küy səviyyəsinin normadan artıq olması və s. ilə əlaqədar olub.

Belə ki, il ərzində Ətraf Mühitin Mühafizəsi Departamentinə göndərilmiş 1537 şikayətdən 1429-u, Dövlət Ekspertiza İdarəsinə göndərilmiş 2032 şikayətdən 1968-i, Meşələrin İnkişafı Departamentinə göndərilmiş 440 şikayətdən 383-ü, Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinə göndərilmiş 98 şikayətdən 93-ü, Milli Geoloji Kəşfiyyat Xidmətinə göndərilmiş 403 şikayətdən 284-ü, Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinə göndərilmiş 54 şikayətdən 43-ü, “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” Açıq Səhmdar Cəmiyyətinə göndərilmiş 22 şikayətdən 20-si üzrə araşdırma başa çatıb və qanunamüvafiq tədbirlər görülüb, qalan şikayətlərin araşdırılması isə hazırda davam etdirilir.

Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinə göndərilmiş 8 şikayət, Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinə göndərilmiş 34 şikayət, Milli Hidrometeorologiya Departamentinə göndərilmiş 2 şikayət araşdırılaraq qanunamüvafiq tədbirlər görülüb. Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt” rabitə əlaqəsi 2002-ci ildən etibarən ətraf mühitin mühafizəsi sahəsində həyata keçirilən fəaliyyətin təşkilati-hüquqi formasından asılı olmayaraq aidiyyəti idarə, müəssisə və təşkilatlarla, ayrı-ayrı vətəndaşlarla operativ qaydada əlaqələndirilməni təmin etmək məqsədilə fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti