...

Azərbaycanın 314 məktəbində fransız dili tədris olunur

Cəmiyyət Materials 9 Fevral 2017 17:35 (UTC +04:00)
Azərbaycanın 314 məktəbində 40 minədək şagird fransız dili öyrənir.
Azərbaycanın 314 məktəbində fransız dili tədris olunur

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanın 314 məktəbində 40 minədək şagird fransız dili öyrənir.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, bunu təhsil nazirinin müavini Ceyhun Bayramov Fransa Respublikasının Baş naziri yanında dövlət islahatları və asanlaşdırma məsələləri üzrə Dövlət katibi, hökumətin üzvü və Ekologist Partiyasının sədri Jean-Vincent Plasenin Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) tələbələrlə görüşündə deyib.

Nazir müavini bildirib ki, Azərbaycan ilə Fransanın digər sahələrdə olduğu kimi təhsil sahəsində də əməkdaşlığı sürətlə inkişaf edir. O, ölkəmizdə fransız dilinə böyük marağın olduğunu qeyd edib.

C.Bayramov əlavə edib ki, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 126 azərbaycanlı gənc Fransanın nüfuzlu universitetlərində təhsil almaq imkanı qazanıb.

UFAZ-ın direktoru Vazeh Əsgərov bildirib ki, UFAZ-a 2016-2017-ci tədris ili üçün dörd ixtisas üzrə tələbə qəbulu aparılıb və 141 nəfər bu ali təhsil ocağında oxumaq hüququ qazanıb. Onlardan 120-si dövlət sifarişi, 21-i isə ödənişli əsaslarla təhsil alır. Tədris ingilis dilində həyata keçirilir. UFAZ-da təhsilini uğurla başa vuran məzunlara iki diplom veriləcək.

Jean-Vincent Plase Azərbaycan-Fransa əlaqələrindən, o cümlədən təhsil sahəsində əməkdaşlığın əhəmiyyətindən danışıb.

Prezident İlham Əliyevlə görüşünü xatırladan Fransanın Dövlət katibi Azərbaycanın inkişafı üçün uğurlu tədbirlərin reallaşdırıldığını söyləyib.

Jean-Vincent Plase ölkələrimiz arasında əlaqələrin daha da genişlənəcəyinə əminliyini bildirib.

Xəbər lenti

Xəbər lenti