...

1 226 nəfər peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib

Cəmiyyət Materials 7 Aprel 2017 10:47 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu ilin ilk rübündə 1 226 nəfər şəxs peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib.
1 226 nəfər peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu ilin ilk rübündə 1 226 nəfər şəxs peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib. Əmək bazarının tələblərinə uyğun düzgün peşə seçiminə dəstək məqsədilə 32 053 nəfər gəncə peşəyönümü məsləhətləri verilib.

Bu barədə Trend-ə Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

ƏƏSMN tərəfindən işçi qüvvəsinin əmək bazarının tələblərinə uyğunlaşdırılması məqsədilə işsiz və işaxtaran vətəndaşlar üçün rəqabətədavamlı peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarının təşkili işləri davam etdirilir. Cari ilin birinci rübündə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə 1 226 nəfər şəxs komputer istifadəçisi, komputerçi-dizayner, komputer mühasibliyi, dərzi, elektrik montyoru, mebel quraşdırıcısı, qənnadçı, elektrik qaynaqçısı, avtomobil təmiri üzrə çilingər, əməliyyatçı mühasib, qazanxana maşinisti, toxucu, xalçaçı, bərbər və s. peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib. Həmin şəxslərdən 1 192 nəfəri (o cümlədən 48 nəfər əlilliyi olan şəxs) Dövlət Məşğulluq Xidməti tərəfindən, 34 nəfəri isə nazirliyin 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzi tərəfindən kurslara qəbul olunublar. Mərkəzdə peşə hazırlığı dövründə sağlamlıq imkanları məhdud gənclər dövlət hesabına yataqxana, yemək, tibbi-fizioterapevtik xidmət və s. ilə də təmin ediliblər.

Peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilən şəxslərdən 82 nəfərini əlilliyi olan şəxslər təşkil edib. Kursları başa çatdıran şəxslərə peşə sertifikatları təqdim edilib. Nazirlik gənclərin gələcəkdə əmək bazarına fəal şəkildə inteqrasiya olunmaları üçün onların əmək bazarının tələblərinə uyğun şəkildə düzgün peşə və ixtisas seçimi etmələri məqsədilə peşəyönümü tədbirlərini də davam etdirir. Cari ilin yanvar-mart aylarında nazirliyin məşğulluq orqanları tərəfindən əsasən orta ümumtəhsil məktəblərin yuxarı sinif şagirdləri arasında təşkil olunan peşəyönümü tədbirlərində 32 053 nəfər gəncə peşəyönümü məsləhətləri verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti