...

Qeyri-hökumət təşkilatları və dini icmaların əməkdaşlığı müzakirə olunub (FOTO)

Cəmiyyət Materials 28 Sentyabr 2017 19:05 (UTC +04:00)
Bakıda “Qeyri-hökumət təşkilatları və dini icmalar: əməkdaşlıqdan birgə fəaliyyətə doğru” adlı konfrans keçirilib
Qeyri-hökumət təşkilatları və dini icmaların əməkdaşlığı müzakirə olunub (FOTO)

Bakı. Trend:

Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının birgə təşkilatçılığı ilə “Qeyri-hökumət təşkilatları və dini icmalar: əməkdaşlıqdan birgə fəaliyyətə doğru” adlı konfrans keçirilib.

DQİDK-dən Trend-ə verilən məlumata görə, konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev, Milli Məclisin deputatları, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ), Milli QHT Forumunun təmsilçiləri, dini konfessiyaların, ictimai birliklərin rəhbər və nümayəndələri iştirak ediblər.

Konfransda çıxış edən M.Qurbanlı bildirib ki, tədbir Azərbaycan Prezidenti tərəfindən elan olunmuş “İslam Həmrəyliyi İli” çərçivəsində keçirilir. “Azərbaycanda islami dəyərlərin təbliğində dini maarifçiliyə geniş yer ayrılır. Cəhalət, xurafat olan yerdə mütləq dini radikalizm baş qaldırır. Dini radikalizmin yaranması üçün mühit olmamalıdır. O mühitin olmaması üçün isə elm, təhsil mütləqdir. Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətin tərkib hissəsində milli mənəvi dəyərlərimizin qorunması önəmli yerlərdən birini tutur. Bu dəyərləri qorumaq üçün təbii ki, dini maarifləndirməyə də xüsusi diqqət yetirməliyik”.

Azay Quliyev çıxışında konfransın gənc nəslin ənənəvi dini və milli dəyərlərimiz, bu dəyərlərin ümdə prinsipləri haqqında doğru və sağlam mənbələrə əsaslanan biliklərlə təmin olunması baxımından önəmini qeyd edib. Şura sədri milli-mənəvi dəyərlərin qorunub saxlanılması və təşviqi, eləcə də bu sahədə qarşıda duran vəzifələrin icrası istiqamətində görülən işlərdən də ətraflı danışıb. Dini radikalizmin qarşısının alınmasında ən mühüm addımın maarifləndirmə olduğunu qeyd edən A.Quliyev gənclərimizin radikalizmdən uzaqlaşdırılması, onlara vətənpərvərlik və dövlətçilik hissinin aşılanması, milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində bu cür layihələrin reallaşdırılmasının vacibliyindən danışıb.

Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Hacı Salman Musayev bildirib ki, QMİ tərəfindən maarifləndirmə işlərinə getdikcə daha çox önəm verilir və artıq bu ildən başlayaraq mərkəzi məscidlərdə “Quran” kursları açılıb. O, radikal dini qrupların və qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması, onlara qarşı səmərəli mübarizə aparılması və dini maarifçilik işinin düzgün metodlarla təşkili istiqamətində görülən işlər barədə məlumat verib. Həmçinin gənclərin milli-mənəvi ruhda tərbiyə edilməsi və düzgün maarifləndirilməsinin əhəmiyyətindən, onları radikal təsirlərdən qorumağın yollarından bəhs edib.

Tədbirdə çıxış edən Milli Məclisin deputatları Çingiz Qənizadə, Qüdrət Həsənquliyev, Musa Qasımlı, dini icmaların rəhbərləri və nümayəndələri indiki həssas dövrdə dindarları daha diqqətli olmağa, həmçinin dini maarifləndirmə işinin artırılmasına, cəmiyyətdə radikallığa şərait yaradan halların aradan qaldırılması istiqamətində hamının səfərbər olmasına, mövcud dini sabitliyi və dini dəyərləri qoruyub saxlamağa çağırıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti