...

Mətbuat Şurası: Mitinqi işıqlandıran jurnalistlərə qarşı hər hansı insident qeydə alınmayıb

Cəmiyyət Materials 28 Oktyabr 2017 20:23 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Mətbuat Şurası Milli Şuranın oktyabrın 28-də metronun “İnşaatçılar” stansiyasının yaxınlığındakı keçmiş “Məhsul” stadionunda düzənlədiyi mitinqdə jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələri ilə bağlı monitorinq aparıb.

Mətbuat Şurasından Trend-ə verilən məlumata görə, aksiyanı işıqlandıran jurnalistlərə qarşı hər hansı insident qeydə alınmayıb. Media nümayəndələrinə öz işlərini sərbəst həyata keçirilmələri üçün hər cür şəraitin yaradıldığı diqqət çəkib. Qrupun üzvlərinə bununla əlaqədar da hansısa narazılıq ünvanlanmayıb.

Lakin monitorinq qrupu aksiyanı işıqlandıran jurnalistlərin əksər hissəsinin üzərində “PRESS” yazılmış xüsusi gödəkçələrdə olmadıqlarını qeydə alıb. Oxşar hal demək olar, bütün əvvəlki aksiyalar zamanı da müşahidə edilib.

Bu vacib təhlükəsizlik tədbirinə etinasız yanaşılması təəssüf doğurur. Mətbuat Şurası bildirir ki, belə yanaşma jurnalistlərin hər hansı xoşagəlməz durumla, ekstremal vəziyyətlə üzləşəcəkləri təqdirdə onların hüquqlarının müdafiəsini tam mümkünsüz edir.

Şura bir daha kütləvi informasiya vasitələrinin əməkdaşlarına, ayrı-ayrı müstəqil jurnalistlərə müraciət edərək, onları mitinqlər və digər bu sayaq kütləvi xarakter daşıyan aksiyalar zamanı üzərində "PRESS" yazılmış xüsusi gödəkçələrdə olmağa, bu vacib təhlükəsizlik tədbirinə mütləq qaydada əməl etməyə çağırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti