...

"Rabitə işi"ndə yeni qərar elan olundu

Cəmiyyət Materials 7 Noyabr 2017 18:16 (UTC +04:00)
Bakı Apellyasiya Məhkəməsində "Rabitə işi”ndə təqsirləndirilən şəxslərin apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.
"Rabitə işi"ndə yeni qərar elan olundu

Bakı. Samir Əli - Trend:

Bakı Apellyasiya Məhkəməsində "Rabitə işi”ndə təqsirləndirilən şəxslərin apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.

Trend-in məlumatına görə, hakim Qədim Babayevin sədrlik etdiyi iclasda elan edilən qərara əsasən, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalovun cəzası 4 ilə, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq baş direktoru Beytulla Hüseynovun cəzası isə 7 il 6 aya endirilib.

Bundan başqa, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədov barəsində 2 il sınaq müddəti olmaqla şərti cəza seçilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

Təqsirləndirilən digər şəxslər Emin Məmmədov və Anar Mustafayev barəsində 2 il müddətinə şərti cəza, Qəmbər Bəybalayev barəsində isə şərti cəza seçilib və onlar iclas zalından azadlığa buraxılıblar.

Qeyd edək ki, iyulun 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş Aparat rəhbəri Vidadi Zeynalov, "Aztelekom" MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, Birliyin sabiq baş mühasibi Anar Mustafayev, "AzİnTelekom" MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, "Azərpoçt" MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, "Optik Rabitə, Tikinti və Quraşdırma" MMC-nin sabiq rəisi Namazalı Məmmədov və baş mühasibi Səhrab Hümbətov, "Rabitə Mülki Tikinti" MMC-nin direktoru Emin Məmmədov, "Aztelekom" MMC-nin baş mühasibi Oqtay Rüstəmov və "Təmir Təchizat Servis" MMC-nin direktoru Bayram Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. RYTN-in sabiq Aparat rəhbəri V.Zeynalov və Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq rəhbəri B.Hüseynov 13 il müddətinə azadlıqdan məhrum olunub.

Həmçinin N.Məmmədov 11 il, E.Məmmədov 10 il, A.Mustafayev 5 il, Q.Bəybalayev isə 3 il müddətinə azadlıqdan məhrum ediliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti