Bakı. Trend:
Azərbaycanda səfərdə olan Belarusun İstintaq Komitəsinin sədri İvan Noskeviçin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı şəhərinin mədəni və tarixi abidələri ilə tanış olmuşdur.
Baş Prokurorluğun Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, Heydər Əliyev Mərkəzinə gələn qonaqlara Mərkəz haqqında məlumat verilmişdir.
Bildirilmişdir ki, Mərkəz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin öyrənilməsi, Heydər Əliyev irsinin tədqiqi və təbliği, elm, təhsil və mədəniyyətin inkişaf etdirilməsinə xidmət edən layihələrin həyata keçirilməsi, ölkəmizin tarixi və mədəniyyətinin, Azərbaycan dilinin və digər milli-mənəvi sərvətlərinin beynəlxalq aləmdə tanıdılması və təbliği, regional və beynəlxalq konfrans və digər tədbirlərin keçirilməsi istiqamətində fəaliyyət göstərir.
Heydər Əliyev Mərkəzi ilə tanışlıq nümayəndə heyətinin üzvlərində zəngin təəssüratlar yaratmışdır.
Nümayəndə heyəti daha sonra 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə də tanış olmuşdur.
Qonaqlara “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti barədə ətraflı məlumat verilmişdir.
Qeyd edilmişdir ki, vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində yeni yanaşmanın formalaşdırılmasına, ölkədə məmur-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə xidmət edən “ASAN xidmət” mərkəzləri dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini təmin etmək məqsədilə yaradılmışdır.
Yaradılmış şərait və iş prinsipi ilə tanış olan nümayəndə heyəti "ASAN xidmət"in kollektivinə gələcək fəaliyyətində uğurlar arzulamışdır.