...

Ombudsman Aparatının əməkdaşı beynəlxalq tədbirdə iştirak edib (FOTO)

Cəmiyyət Materials 11 İyun 2019 13:51 (UTC +04:00)
3-7 iyun 2019-cu il tarixində İtaliyanın Venesiya şəhərində Milli İnsan Hüquqları Təsisatlarının (MİHT) növbəti Akademiyası keçirilib.
Ombudsman Aparatının əməkdaşı beynəlxalq tədbirdə iştirak edib (FOTO)

Bakı. Trend:

3-7 iyun 2019-cu il tarixində İtaliyanın Venesiya şəhərində Milli İnsan Hüquqları Təsisatlarının (MİHT) növbəti Akademiyası keçirilib.

Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, Milli İnsan Hüquqları Təsisatlarının Avropa Şəbəkəsi (ENNHRİ) və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) birgə təşkilatçılığı, İtaliya İnsan Hüquqları Qlobal Kampusunun (İHQK) dəstəyi ilə keçirilmiş Akademiyaya 30-a yaxın ölkədən Milli İnsan Hüquqları Təsisatlarının nümayəndələri qatılıblar.

Akademiyada Azərbaycanın milli insan hüquqları təsisatı funksiyalarını icra edən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Hüquqi maarifləndirmə sektorunun baş məsləhətçisi Aydan Talıbova iştirak edib.

Akademiyanın keçirilməsində əsas məqsəd DTİHB və ENNHRİ-nin resursları və iş təcrübələrini daha dəqiq başa düşmək, iştirakçıların təmsil etdikləri qurumların gündəlik işini Paris Prinsipləri əsasında təşkil etmək, əlaqəli siyasət və büdcələrin insan hüquqları perspektivindən təhlili də daxil olmaqla, iqtisadi və sosial hüquqları səmərəli şəkildə monitorinq etmək üçün insan hüquqları göstəriciləri və meyarları ilə çalışmaq, effektiv siyasət dəyişikliyini təbliğ edərkən və ümumi ictimaiyyət və digər hədəf auditoriyaları ilə ünsiyyət qurarkən iqtisadi və sosial hüquqların həyata keçirilməsi üçün strateji cəhətdən MİHT funksiyalarını istifadə etmək, milli insan hüquqları təsisatları arasında təcrübə mübadiləsini sadələşdirmək, insan hüquqları üzrə qanunvericilik proseslərinə tövhə vermələri üçün iştirakçıların bilik və bacarıqlarını artırmaq, eyni zamanda MİHT, DTİHB, ENNHRİ və digər beynəlxalq, regional və milli maraqlı tərəflər arasında birgə işin təşkili və inkişafı istiqamətində milli insan hüquqları təsisatları arasında inteqrasiyanı gücləndirməkdən ibarət olub.

Sayca 6-cı olan Akademiyanın sessiyaları iqtisadi və sosial hüquqların müdafiəsi, təşviqi və monitorinqi, müasir və innovativ kommunikasiya vasitələri ilə bu hüquqların təbliği, MİHT-lərin gündəlik işində Paris Prinsiplərinə fokuslanmaq, eləcə də müvafiq maraqlı tərəflərlə əməkdaşlıq kimi mövzulara həsr edilib.

Tədbirdə giriş nitqi ilə çıxış edən DTİHB direktorunun birinci müavini Katarzina Qardapxadze, DTİHB İnsan Hüquqları Departamentinin rəhbəri Omar Fişer, rəhbər müavini Cennifer Kroft və ODIHR nümayəndəsi Mark van Qol təmsil etdikləri qurum və Akademiya barədə təqdimat edib və iştirakçılara uğurlar arzulayıblar. Kampusun Baş katibi Manfred Novakın, ENNHRİ sədri Emili Loqanın, ENNHRİ Baş katibi Debbi Kohnerin, İqtisadi və Sosial Hüquqlar Mərkəzinin icraçı direktoru Mihir Mankadın, ATƏT-dən və müxtəlif MİHT-lərdən dəvət olunmuş digər ekspertlərin çıxışları, eləcə də mövzulara uyğun olaraq təqdimatları maraqla dinlənilib.

Azərbaycan Ombudsman Aparatının nümayəndəsi təmsil etdiyi təsisatın BMT-nin Paris Prinsiplərinə uyğun olaraq fəaliyyət göstərdiyini, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununa əsasən Müvəkkilin fəaliyyəti, əhalinin müxtəlif qruplarının - uşaqların, qadınların, gənclərin, ahılların, əlilliyi olan şəxslərin, qaçqın və məcburi köçkünlərin, miqrantların, hərbi qulluqçuların, məhkumların hüquqlarının müdafiəsi sahəsində görülən işlər, bu istiqamətdə həyata keçirilən maarifləndirmə tədbirləri barədə məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Bundan əlavə, Ombudsmanın milli insan hüquqları təsisatı kimi dövlət qurumları ilə vətəndaş cəmiyyəti institutları arasında “körpü” rolunu oynadığını, bu sahədə müxtəlif yönlü fəaliyyət, o cümlədən 2019-cu ilin 18-19 iyun tarixlərində Ombudsmanların XVI Bakı Beynəlxalq Konfransının keçiriləcəyi haqqında Akademiya iştirakçılarına məlumat verilib.

Ombudsman Aparatının nümayəndəsi tədbir çərçivəsində təşkil olunmuş tematik sessiyalar və qrup çalışmalarında təsisatın BMT, habelə digər beynəlxalq və regional təşkilatlarla əməkdaşlıqda həyata keçirtdiyi və ən yaxşı təcrübə kimi dəyərləndirilən fəaliyyəti, mənzilə ehtiyacı olan şəxslərin real imkanlarına cavab verən şərtlərlə mənzillə təmin olunması, ipoteka kreditlərinin verilməsi şərtlərinin asanlaşdırılması, sosial ipotekanın tətbiqi haqqında məlumat verib. Eyni zamanda o, insan hüquqları sahəsində ictimai dinləmələrin aparılması, təhsil hüququnun təmin olunması, uşaqların intellektual, fiziki və psixoloji inkişafında, onların şəxsiyyətinin formalaşmasında, məktəbə hazırlanmasında xüsusi əhəmiyyətə malik olan məktəbəqədər və məktəbəhazırlıq təhsil pillələrində tədrisin insan hüquqları perspektivindən təşkili, uşaq hüquqları üzrə pilləli tədris proqramı, əlilliyi olan şəxslərin hüquqları, həmçinin qadın hüquqları sahəsində görülən işlər, qızların təhsildən yayınması, erkən evliliklərlə mübarizə üzrə Ombudsmanın fəaliyyəti, onun irəli sürdüyü təkliflərin bir sıra qanunvericilik aktlarında nəzərə alınması, ümumiyyətlə, Müvəkkilin insan hüquqlarının müdafiəsi və təşviqi üzrə səlahiyyətli qurumlara irəli sürdüyü təkliflərin böyük əksəriyyətinin qəbul olunub həyata keçirilməsi və s. məsələləri vurğulayıb.

Tədbir çərçivəsində Kampusda DTİHB-nin ATƏT regionunda Roma və Sinti (qaraçılar) xalqları ilə bağlı işinin təqdimatı nümayiş edilib və hazırlanan fəaliyyət planlarının inkişafı ilə bağlı müzakirələr aparılıb. Azərbaycan Ombudsman Aparatının əməkdaşı Kampusun Baş katibi Manfred Novaka və İnzibati rəhbəri Elizabeta Noliyə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın salamlarını çatdırıb, tədbirin bütün təşkilatçıları, təlimçiləri və ekspertlərinə təsisat barədə məlumat əks etdirən müxtəlif materiallar və xatirə hədiyyələrini təqdim edib.

Yekunda Ombudsmanın nümayəndəsi Milli İnsan Hüquqları Təsisatlarının Avropa Şəbəkəsinin və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun təsis etdiyi Akademiyanın sertifikatı ilə təltif olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti