Bakı. Trend:
Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Azərbaycan Respublikası Prezidentinin 09 fevral 2018-ci il tarixli Sərəncamına əsasən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılıb. Bakı Dövlət Universitetinin tərkibində yuxarıda göstərilən tarixədək fəaliyyət göstərən İlahiyyat fakültəsi ölkə başçısının qərarı ilə yeni yaradılan Azərbaycan İlahiyyat İnstitutunun strukturuna daxil edilib.
Trend Azərbaycan İlahiyyat İnstitutunun Magistratura və doktorantura şöbəsinin müdiri Fidan Yusifovanın müsahibəsini təqdim edir.
– Magistratura və doktorantura şöbəsinin fəaliyyəti haqqında məlumat verməyinizi xahiş edirəm...
– Azərbaycan İlahiyyat İnstitutunun Magistratura və doktorantura şöbəsi ali tədris müəssisəsinin strukturunda fəaliyyət göstərir. Aİİ-nin qarşısında duran əsas vəzifələrdən biri gələcəyin peşəkar alim və mütəxəssislərini yetişdirmək, həmçinin ali təhsil müəssisəsinin elmi potensialını gücləndirməkdir. Bu məqsədlə xarici universitetlərin təcrübəsi nəzərdən keçirilir, bir sıra layihələr üzərində işlənilir. Yeni əməkdaşlıqlar, əlaqələr qurulur. Elm sahəsində idarəetmə sistemini və elmi tədqiqat işlərinin təşkilini təkmilləşdirmək, ilahiyyat üzrə magistratura, doktorantura və dissertantura yolu ilə yüksəkixtisaslı elmi kadrların qəbulunu və hazırlanmasını təşkil etmək, cəmiyyətdə bu ixtisasın rolunu və nüfuzunu artırmaqdır. Magistrlarımızın və gənc tətqiqatçılarımızın inkişafı, güclü təhsilə yiyələnmələri, bir sıra sahələrdə tətqiqat aparmaları üçün şəraitin yaradılması bizim qarşımızda duran ən vacib məsələlərdəndir.
– Rəhbəri olduğunuz şöbədə hansı istiqamətlər üzrə kadr hazırlığı həyata keçirilir?
– Nəzərinizə çatdırmaq istəyirəm ki, Dinşünaslıq sahəsi üzrə 4 ixtisaslaşma – Dinin psixologiyası, Dinin sosiologiyası, Dinlərin tarixi, Dinşünaslıq istiqaməti üzrə kadr hazırlığı həyata keçirilir. 2018/2019-cu tədris ilində təhsillərini başa vurmuş magistrantların müvafiq istiqamətlərdə dissertasiyalarının müdafiəsi Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsi Ərəb filologiyası kafedrasının müdiri akademik Vasim Məmmədəliyevin rəhbərliyi ilə uğurla həyata keçirilimişdir. Şöbə bu əmr və fakültənin təqdimatı əsasında İxtisaslaşdırılmış Elmi Şuranın tərkibinin təsdiqi haqqında əmr hazırlamışdır. 2018-2019-cu tədris ilində İnstitutumuza magistr qəbulu da həyata keçirilmişdir.
– Magistrlərın hazırlığı hansı formada həyata keçirilir?
– Magistrantlar tədrislə yanaşı, yüksəkixtisaslı mütəxəssislərin elmi rəhbərliyi altında ixtisas kafedraları tərəfindən dissertasiya işi üzərində işləyirlər. Dissertasiya işlərini müdafiə etdikdən sonra, onlar magistr dərəcəsi almağa layiq görülürlər. Magistratura və doktorantura şöbəsində təhsil alan magistrantların elmə olan marağını artırmaq məqsədilə yazdıqları elmi-tədqiqat mövzularını əhatə edən tezis və məqalələr konfransa təqdim etmək üçün toplanır və kitab şəklində çap edilir.
Magistrantların tədris ili ərzində İnstitut və respublikada təşkil olunan müxtəlif konfranslarda iştirakı təmin edilir. Şöbə tərəfindən Respublika Prezidentinin hər il martın 27-nin Azərbaycanda “Elm Günü” kimi qeyd edilməsi haqqında 9 aprel 2018-ci il tarixli Sərəncamına əsasən Tədbirlər Planı hazırlamışdır. Bu sənədin icrası məqsədilə 13 mart 2019-cu il tarixdə professor, ictimai-siyasi xadim Şahlar Əsgərovun təqdimatında “Din və elm” mövzusunda seminar təşkil olunmuşdur. Bundan başqa, 9 aprel 2019-cu il tarixdə “Clarivate Analytics” bazasının Azərbaycanda təşkil etdiyi təlim proqramının rəsmi eksperti, fəlsəfə üzrə fəlsəfə doktoru Xəyalə Məmmədovanın təqdimatında “Elmi məqalənin yazılması və beynəlxalq elmi nəşrlərin tələbləri” mövzusunda seminar keçirilmişdir.
Şöbənin təşəbbüsü ilə 4 aprel 2019-cu il tarixdə İlahiyyat İnstitutu və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə “İslam sivilizasiyası və elm: tarix və müasirlik” mövzusunda konfrans təşkil olunmuşdur. Konfransda ölkəmizdə fəaliyyət göstərən elmi tədqiqat müəssisələrində, ali təhsil ocaqlarında çalışan, təhsil alan gənc tədqiqatçılar və magistrlər iştirak etmişlər. Konfransın materialları kitab şəklində çapa hazırlanmışdır. Hazırda isə şöbəmiz Aİİ-də 15 oktyabr 2019-cu il tarixdə baş tutacaq “Müstəqillik illərində din təhsili” mövzusunda elmi-praktik konfransa hazırlaşır. Bundan əlavə, magistrlərimiz 3-4 dekabr 2019-cu il tarixdə Azərbaycan İnşaat və Memarlıq Universitetində İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş Doktorantların və Gənc Tədqiqatçıların XXIII Respublika Elmi Konfransinda iştirak edəcəklər.
– Azərbaycan İlahiyyat İnstitutunda bu il ilk dəfə doktoranturaya qəbul həyata keçiriləcək. Yəqin ki, məsuliyyət ilə yanaşı, həm də qürur hissi duyursunuz...
– Azərbaycan İlahiyyat İnstitutunda bu il ilk dəfə doktoranturaya qəbul həyata keçiriləcək. Qəbul Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”nda dəyişikliklər edilməsi haqqında 15.01.2019-cu il tarixli 6 nömrəli qərarına əsasən həyata keçiriləcək. Bununla bağlı 2020/2021-ci il üzrə doktoranturaya qəbul və dissertantların təhkimolunma planlarının layihələri hazırlanaraq, Nazirlər Kabinetinə təqdim olunması üçün Milli Elmlər Akademiyasına göndərilmişdir.
– İnstitutun prioritetləri haqqında nə deyə bilərsiniz?
– Yüksək ixtisaslı ilahiyyatçıların hazırlanması İnstitumuz üçün əsas məqsədlərdən və hədəflərdəndir. Builki tələbə qəbulunda keçid balının artması sevindirici haldır. Bu sahəyə göstərilən dövlət qayğısı nəticəsində, təhsilin yüksək səviyyədə olması gənclərin bu sahəyə marağını artırır. Dövlət İmtahan Mərkəzinin III ixtisas qrupu üzrə ödənişsiz əsaslarla keçirdiyi qəbul imtahanında Dinşünaslıq ixtisası üzrə aşağı bal 292, yüksək bal 523; İslamşünaslıq ixtisası üzrə aşağı bal 200, yüksək bal isə 390 təşkil edib Müvafiq ixtisaslar üzrə ümumi orta bal 346,3 və 260 bal olub. Qəbul olunanların 50 faizi 300 baldan yuxarı bal toplayan abituriyentlərdir. Tələbələrin 30 faizi isə 350-550 bal toplayaraq, Azərbaycan İlahiyyat İnstitutunu seçib. Nəzərinizə çatdırmaq istəyirəm ki, gələcəkdə yəhudilik və xristianlıqla bağlı kadrların yetişdirilməsi də nəzərdə tutulur. Hazırda bununla bağlı müvafiq tədbirlər görülür.
– Mütəxəssis və güclü şəxsiyyət; ali məktəb həm də vətəndaş yetişdirməlidir. Sadaladığımız bu keyfiyyətlər birlikdə cəm olarsa, cəmiyyətimiz bundan qazanar...
– Bəli, tamamilə doğru qeyd etdiniz. Bunun üçün tədris prosesində tərbiyə ən önəmli məsələlərdən biridir. Tələbənin tərbiyəsində məqsəd onun qabiliyyətinin, şüurluluq səviyyəsinin, özünüdərk, özünütənqid bacarıqlarının, məsuliyyət və vicdan hissinin, digərlərinə qarşı tolerant və anlayışlı davranmasının, intizamlılığının, istənilən şərait və vəziyyətdə özünü idarə etməyin və digər şəxsi keyfiyyətlərinin formalaşdırılmasıdır. Bunları nəzərə alaraq müasir gəncliyimizin milli-mənəvi dəyərlərə malik formada yetişməsi üçün çalışmalıyıq.