...

Azərbaycan Universiteti ikili diplom proqramının tətbiqinə başlayır (FOTO)

Cəmiyyət Materials 23 Sentyabr 2019 11:45 (UTC +04:00)
Azərbaycan Universiteti Ukraynanın Xarkov Milli Radioelektronika Universiteti ilə beynəlxalq ikili diplom proqramının tətbiqinə başlayır.
Azərbaycan Universiteti ikili diplom proqramının tətbiqinə başlayır (FOTO)

Bakı. Trend:

Azərbaycan Universiteti Ukraynanın Xarkov Milli Radioelektronika Universiteti ilə beynəlxalq ikili diplom proqramının tətbiqinə başlayır. Proqram bakalavriat və magistratura pillələri üzrə kompüter elmləri və kompüter mühəndisliyi ixtisaslarını əhatə edir.

İkili diplom proqramında iştirak etmək istəyən tələbələrin seçimi müsabiqə yolu ilə aparılacaq. Proqrama müraciətləri qəbul olunan bakalavriat tələbələri birinci və ikinci tədris ilini Azərbaycan Universitetində, üçüncü və dördüncü tədris ilini isə Xarkov Milli Radioelektronika Universitetində oxuyacaqlar. Magistratura tələbələri isə birinci tədris ilində Azərbaycan Universitetində, ikinci tədris ilində isə Xarkov Milli Radioelektronika Universitetində təhsil alacaqlar. Proqramda orta müvəffəqiyyət göstəricisi bakalavriat pilləsi üzrə ikinci tədris ilindən sonra 71-dən, magistratura pilləsi üzrə isə birinci tədris ilindən sonra 81-dən az olmayan tələbələr iştirak edə bilər.

Təhsil müddəti bakalavriat pilləsi üçün 4, magistratura pilləsi üçün isə 2 təqvim ilidir. Fənlərin tədrisi ingilis və ya rus dillərində aparılacaq. Məzun ola bilmək üçün bakalavriat tələbələri AKTS (Avropa Kredit transfer Sistemi) üzrə 240, magistratura tələbələri isə 120 kredit toplamalıdırlar. Qiymətləndirmə sistemi Bolonya prosesinin tələblərinə uyğun həyata keçirilir.

Təhsillərini uğurla başa vuran tələbələrə müvafiq ixtisas üzrə bakalavr və ya magistr dərəcəsi və ali təhsil müəssisələrinin diplomları təqdim olunacaq.

Qeyd edək ki, Ukraynada informasiya texnologiyaları, radio mühəndisliyi və elektronika ilə əlaqəli bütün ixtisasların tədris olunduğu Xarkov Milli Radioelektronika Universiteti kiber təhlükəsizlik və informasiya texnologiyaları sahələrində Avropa üzrə ilk 5-likdə yer alır. Universitetlər arasında iyun ayında əməkdaşlığa dair memorandum imzalanıb. İkili diplom proqramı memoranduma əsasən tətbiq olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti