Bakı. Trend:
Azərbaycan İlahiyyat İnstitutu Dinşünaslıq kafedrasının müdiri ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Elnurə Əzizova Türk Dil Qurumu Başqanlığının təşkilatçılığı ilə Ankarada keçirilən Beynəlxalq Kutadqu Bilig Qurultayında iştirak edib.
İnstitutdan Trend-ə verilən məlumata görə, UNESKO-nun 2019-cu ili Yusif Balasaqunlunun “Kutadqu Bilig” əsərinin yazılışının 950-ci ildönümü elan etməsi ilə bağlı keçirilən Beynəlxalq Kutadqu Bilig Qurultayında dil, ədəbiyyat, tarix, mədəniyyət və digər mövzularda, Türkiyə də daxil olmaqla, 15 ölkədən 133 məruzə dinlənilib.
Qurultayda “Kutadqu Bilig və Siyasətnamədə iş əxlaqı və peşələr” adlı məruzə ilə çıxış edən dosent E.Əzizova Qaraxanlılar Dövlətinin hacibi Yusif Balasaqunlunun və Səlcuqlular Dövlətinin vəziri Nizamülmülkün yazdığı siyasətnamələrin xüsusiyyətlərindən bəhs edib. E.Əzizova hər iki əsər çərçivəsində ilk türk-İslam cəmiyyətlərində iş əxlaqının əsas prinsipləri, cəmiyyətdə peşələrə münasibət, sosial həyatda sənətkarların mövqeyi, fərdi-ictimai rifah və dünya-axirət tarazlığı nöqteyi-nəzərindən işləməyin əhəmiyyətinə dair yanaşmaları təqdim edib.
Məlumat üçün bildirək ki, E.Əzizova respublikada və xaricdə 20-dən çox elmi konfransda məruzələrlə çıxış edib. 2011 və 2018-ci illərdə İstanbulda İSAM nəşriyyatında “Hz. Peyğəmbər döneminde çalışma hayatı ve meslekler” adlı əsəri nəşr olunub. 2009-cu ildə doktorantura üzrə elmi işi İstanbulda ən yaxşı “Hədis və siyər doktorantura dissertasiyası” mükafatına layiq görülüb. Respublika və xaricdə nəşr olunmuş 6 kitabın həmmüəllifi, 30-dan çox məqalənin müəllifidir.