...

Amerikalı din xadimi Azərbaycan İlahiyyat İnstitutunu ziyarət edib (FOTO)

Cəmiyyət Materials 19 Noyabr 2019 11:11 (UTC +04:00)
Dünya dini liderlərinin II Bakı Sammitində iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan Sivilizasiyalararası Dialoq və Əməkdaşlıq Fondunun (CECF) təsisçisi və prezidenti İmam Məhəmməd Bəşər Ərəfat Azərbaycan İlahiyyat İnstitutunu (Aİİ) ziyarət edib.
Amerikalı din xadimi Azərbaycan İlahiyyat İnstitutunu ziyarət edib (FOTO)

Bakı. Trend:

Dünya dini liderlərinin II Bakı Sammitində iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan Sivilizasiyalararası Dialoq və Əməkdaşlıq Fondunun (CECF) təsisçisi və prezidenti İmam Məhəmməd Bəşər Ərəfat Azərbaycan İlahiyyat İnstitutunu (Aİİ) ziyarət edib.

Aİİ rektoru ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov qonağı salamlayaraq, onu İnstitutda görməkdən məmnun olduğunu bildirib. Ali təhsil müəssisəsi haqqında geniş məlumat verən rektor Aİİ-nin beynəlxalq əlaqələrin qurulmasına böyük önəm verdiyini vurğulayıb. Qeyd edib ki, İnstitut dünyanın bir çox ölkəsinin bu sahə üzrə ixtisaslaşmış təhsil və tədqiqat müəssisələri ilə əməkdaşlıq etməkdə maraqlıdır.

C.Məmmədov daha sonra İnstitutun tədris sahəsində təcrübə qazanmasında əməkdaşlıq əlaqələrinin xüsusi əhəmiyyəti olduğunu vurğulayıb. Rektor elmi-tədqiqat işlərinin aparılmasının, birgə layihələrin reallaşdırılmasının, professor-müəllim heyəti və doktorantlar üçün qarşılıqlı akademik səfərlərin, tələbə mübadiləsinin həyata keçirilməsinin önəminə toxunub.

Sonra qonaq Sivilizasiyalararası Dialoq və Əməkdaşlıq Fondunun sülh və əməkdaşlığı təşviq edən tolerant mühitin qorunub saxlanması kimi vacib məsələlərin həyata keçirilməsini qarşısına məqsəd qoyduğunu bildirib.

O, həmçinin ABŞ-da imamlar, alimlər və icma rəhbərləri üçün təşkil edilən təlimlərdən, başlıca qayəsi qarşılıqlı anlaşma əldə etmək, ekstremizm və zorakılığın qarşısını almaq üçün müxtəlif yaş və mədəniyyətlərdən olan insanları bir araya gətirmək olan ABŞ Dövlət Departamentinin Gənclərin Mübadiləsi və Təhsili (YES) Proqramından söhbət açıb.

Daha sonra qonaq İnstitutun müəllim-tələbə heyəti ilə görüşüb. Giriş nitqi ilə çıxış edən rektor Ceyhun Məmmədov qonağı təqdim edərək, görüşün əhəmiyyətini vurğulayıb.

İmam Məhəmməd Bəşər Ərəfat tədbir iştirakçılarına təhsili, ABŞ-da fəaliyyəti, həmçinin işlədiyi vəzifələr haqqında danışaraq, bu müddət ərzində müxtəlif din, dil və irq sahibləri ilə birgə yaşamağın, İslamı düzgün izah etməyin vacibliyini vurğulayıb. Tələbələrə “Din xadimi, İslam təbliğatçısı necə olmalıdır?” istiqamətində tövsiyələrini verib. İlahiyyatçıların bütün millətlərlə dialoq qurması, mədəniyyətlərarası əlaqələri genişləndirməsi, multikultural və tolerant mühitin təbliği məqsədilə xarici dil öyrənməsinin vacibliyini qeyd edib.

Daha sonra qonaq 68 ölkəni əhatə edən müəllifi olduğu proqram barədə tələbələrə məlumat verərək, layihənin insanlara mədəniyyətlərarası və sivilizasiyalararası dialoq qurmaq baxımından əhəmiyyətindən danışıb. Gələcəkdə Aİİ tələbələrinin də bu proqramda iştirakının arzuedilən olduğunu vurğulayıb.

Tədbir proqram barədə video göstərildikdən sonra, qarşılıqlı sual-cavab və müzakirələrlə davam edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti