...

İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədovun müsahibəsi

Cəmiyyət Materials 29 Dekabr 2019 16:33 (UTC +04:00)
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılmış Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov sualları cavablandırıb.
İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədovun müsahibəsi

Bakı. Trend:

Prezident İlham Əliyevin 2018–ci il 9 fevral tarixli Sərəncamına əsasən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılmış Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov sualları cavablandırıb. Müsahibəni təqdim edirik:

– Ceyhun müəllim, Azərbaycan İlahiyyat İnstitutu iki ilə yaxındır fəaliyyət göstərir. Bu müddətdə hansı işlər görülüb?

– Ölkəmiz müstəqillik qazandıqdan sonra ulu öndər Heydər Əliyevin apardığı məqsədyönlü və uzaqgörən siyasət nəticəsində dövlət-din münasibətlərində yeni mərhələ başladı. Din sahəsinə xüsusi qayğı göstərildi, yeni ibadət ocaqları inşa və ya bərpa olundu. Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyev bu siyasəti uğurla və böyük uzaqgörənliklə davam etdirir. Azərbaycan İlahiyyat İnstitutunun yaradılması da bu istiqamətdə verilən mühüm qərarlardan biridir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 9 fevral tarixli Sərəncamı ilə yaradılan institutumuz sizin də qeyd etdiyiniz kimi, artıq iki ilə yaxındır fəaliyyət göstərir. Sərəncamda qeyd olunduğu kimi, institutun yaradılmasında məqsəd Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasını təmin etməkdir.

Keçən müddət ərzində müəllim və tələbə heyəti ilə birlikdə əlimizdən gələni etdik. Yerli və dünya universitetlərinin təcrübələrindən bəhrələnərək, institutumuzun inkişaf strategiyasını hazırladıq. Bir sıra xarici ölkə universitetləri, o cümlədən yerli universitetlərlə əməkdaşlıq əlaqələrini genişləndirdik. Gələcəkdə tələbələrimizin bir sıra proqramlara cəlb olunması istiqamətində də yeniliklərə imza atdıq. Payız semestr imtahanlarının başlanmasına artıq az bir vaxt qalır. Tələbələrimizin yüksək göstəricilərlə imtahanlara daxil olmaları üçün rəhbərlik, müəllim və əməkdaşlar əllərindən gələni etdilər.

Hazırda müəllimlərimiz dərs yükündən əlavə, tələbələrimizlə əlavə qruplarda dərslərlə məşğul olurlar. Kitabxanamız nəinki şənbə günü, tələbələrin istəklərini nəzərə alaraq, hətta bazar günləri də fəaliyyət göstərir. Təbii ki, biz yenə də özümüzdən tam razı qalmırıq. Əlimizdən gələni etməyə çalışırıq ki, ölkəmizə layiqli vətəndaş və din sahəsində öz sözünü deyə biləcək mütəxəssislər yetişsin.

- Siz bir neçə dəfə Azərbaycan İlahiyyat İnstitutunun həm də tədqiqat müəssisəsi kimi fəaliyyət göstərməsi ilə bağlı fikrinizi bildirmisiniz. Müasir günümüzdə “araşdırma” və “tədqiqat” sözlərini ali təhsil müəssisələri missiyasında necə təsəvvür etmək mümkündür?

– Tədqiqat müəssisəsi olmaq üçün bir sıra mühüm addımlar atmağa çalışırıq. İnstitut yarandığı dövrdən etibarən həm də tədqiqat müəssisəsi kimi fəaliyyətinin təmin olunması nəzərdə tutulub.

Nəzərinizə çatdırım ki, müəllimlərimiz ixtisaslarına uyğun olaraq elm sahələrinə aid kitablar yazırlar. Dini terminlər lüğəti üzərində çalışırıq, yaxın vaxtlarda sözügedən vəsait dərc olunacaq. Bununla yanaşı, əlyazma əsərlərin yenidən nəşr olunmasını, sosial və ya tarixi faktlara aid müxtəlif tədqiqatların aparılmasını planlaşdırırıq. Məqsədimiz təhsillə yanaşı, tədqiqat müəssisəsi olaraq fəaliyyətimizi yüksəltmək, ölkənin müxtəlif elm və təhsil, araşdrıma müəssisələrini, qabaqcıl müəllimlərini, həmçinin alimlərini institutumuzla əməkdaşlığa cəlb edərək, tələbələrimizin inkişafına bu yöndə də töhfələrimizi verməkdir.

– Aİİ-də tələbələrin ixtisas seçimi ilə bağlı vəziyyət necədir?

– Cari tədris ilində abituriyentlərə doğru seçim etmələri məqsədilə ölkəmizin müxtəlif rayon və şəhərlərinə səfərlər təşkil etmişik, institutumuz, onun yaranma məqsədləri, ali təhsil müəssisəsində olan ixtisaslar və fakültə, o cümlədən tədris olunan fənlər barədə geniş maarifləndirmə görüşləri keçirmişik. Bu görüşlərdə kafedra müdirləri, dekan, dekan müavini və şöbə müdirləri fəal iştirak ediblər. Elə bu görüşlərin nəticəsi olaraq, İlahiyyat İnstitutuna Azərbaycanın bir sıra rayonlarının ucqar kəndlərindən belə tələbə qəbulu həyata keçirilib. Çalışırıq ki, belə tələbələrimizə tədris prosesində maraq göstərdikləri sahələr üzrə ixtisaslaşmış müəllimlərimizlə birlikdə kömək göstərib, onlara gələcəkdə işləyəcəkləri sahələr üzrə lazımi biliklər verək. Ümid edirəm, bu istiqamətdə də gördüyümüz işlər öz bəhrəsini verəcək.

– Aİİ tələbələrinin xaricdə təcrübə keçmək imkanları barədə nə deyə bilərsiniz?

– Əvvəldən də qeyd etdiyim kimi, xarici universitetlərə işgüzar səfərlərimiz olub və növbəti ildə də yeni ali təhsil müəssisələri ilə əməkdaşlıq planlaşdırılır. Keçən tədris ilinin həm payız, həm də yaz semestrinin sonu tələbələrimiz qış və yay məktəblərində iştirak etdilər. Bursada təşkil olunan yay məktəbində iştirak etmək tələbələrimiz üçün səmərəli təcrübəyə çevrildi. Belə ki, onlar dini elmlərin müxtəlif sahələrinə aid biliklərə yiyələnmiş müxtəlif ölkələrin universitet tələbələri ilə ünsiyyət yaradaraq, öz xalqının mədəniyyətini bölüşərək, yaxşı təəssüratlarla geri qayıtdılar. Təbii ki, tələbələrimizin xaricdə təcrübə keçmələri üçün onların dil biliklərinə yiyələnmələri vacib şərtdir. Bu istiqamətdə institutumuzda dərslərdən əlavə ingilis dili və ərəbdili kurslar təşkil olunub, gələcəkdə rus dili üzrə də ödənişsiz kursların təşkil olunması nəzərdə tutulub. Tələbələrimizin öz ixtisaslarının peşəkar mütəxəssisi olmalarına çalışırıq.

Qeyd edim ki, əməkdaşlıq əlaqələri yaratdığımız bütün qabaqcıl universitetlərlə tələbə mübadiləsinin həyata keçirilməsini nəzərdə tutmuşuq. Yaxın gələcəkdə gənclərimiz təcrübə üçün xarici ölkə universitetlərinə yollana biləcəklər.

– Ceyhun müəllim, xaricə səfərləriniz olur. Özünüz də qeyd edirsiniz ki, səfərləriniz xarici təcrübəni öyrənmək üçündür. Bu səfərlər sizə nə qazandırır? Hansı yenilikləri öyrənirsiniz?

– Qeyd etdiyiniz kimi, xarici səfərlərimiz çox olur. Elə dekabr ayının əvvəlində institutumuzun prorektor və dekan müavini Türkiyənin bir sıra universitetlərində görüşlər keçirib, elektron təhsillə bağlı təcrübəni öyrənmək üçün təkliflərlə çıxış ediblər. Rektor kimi fəaliyyətə başladıqdan sonra qarşımıza qoyulan əsas məqsədlərdən ən əsası bu idi ki, xarici ölkə universitetlərinin təcrübəsini öyrənək. İlboyu Malayziya, Rusiya və Türkiyə universitetləri ilə əlaqələrin qurulması istiqamətində səfərlərdə oldum. Bu sahədə dünyanın qabaqcıl universitetlərinin təcrübəsindən yararlanaraq ölkəmizdə vahid bir model yaratmaq qarşımızda duran prioritet məsələdir. Sözügedən istiqamətdə gördüyümüz işlərin səmərəliliyini artırmaq üçün bu cür səfərlərin əhəmiyyəti böyükdür. Yeniliklərin öyrənilməsində hər səfər bizə vacib addım oldu.

– Ötən müddət ərzində müxtəlif maarifləndirmə tədbirləri, konfranslar da keçirdiniz. Bu tədbirlərinizin əhəmiyyəti haqqında nə demək istərdiniz...

– Tədrislə yanaşı, qeyd etdiyiniz maarifləndirici tədbirlərin, konfransların keçirilməsi bizim üçün böyük əhəmiyyət kəsb edir. Belə ki, İslam Sivilizasiyası Qafqazda II Beynəlxalq Simpoziumunun keçirilməsi böyük nailiyyət kimi qiymətləndirilə bilər. İkinci dəfə təşkil olunan bu simpoziumun birincisi ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə keçirilmişdi. Daha sonra ölkə rəhbərinin “Nəsimi ili”nin keçirilməsi ilə bağlı Sərəncamına uyğun olaraq “Mənəvi dəyərlər sistemində Nəsimi fenomeni” mövzusunda baş tutan konfrans xüsusi önəmə malikdir.

Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə “Nəsimi ili” ilə əlaqədar ölkədə 650 min ağacın əkilməsi aksiyasında tələbələrimiz fəal şəkildə iştirak ediblər.

Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin qeyd olunması ilə bağlı dövlət başçısının Sərəncamına əsasən Türkiyədə və Azərbaycanda konfransların təşkil olunmasını xüsusi qeyd etmək lazımdır. Bundan başqa, ilboyu Beynəlxalq Ərəb Dili Gününə, Elm Gününə və Ana Dili Gününə həsr olunmuş konfranslar keçirilib, bu konfransların materialları dərc olunub.

Qeyd etmək istərdim ki, tələbələrimizin inkişafı istiqamətində alimlərlə və deputatlarla görüşlər keçirilib, onların fərdi inkişafını təmin etmək məqsədilə bəzi təlimlər təşkil olunub. Düşünürəm ki, belə konfransların, tədbirlərin və görüşlərin keçirilməsi tədris prosesi ilə yanaşı, tələbələrə həm də əyani təcrübə qazanmaqda kömək edir.

– Bu müddət ərzində qəzet, jurnal və digər yeni nəşrləriniz çıxdı. Bu sahədə yenilikləriniz olacaqmı?

– İnstitutun ildə iki dəfə nəşri nəzərdə tutulmuş “Din araşdırmaları” elmi və ildə 4 dəfə nəşri nəzərdə tutulan “İlahiyyat” ictimai fikir jurnallarını, həmçinin aylıq “İlahiyyatçı” qəzetini çap edirik. Aİİ-nin tanıdılması üçün Azərbaycan, ingilis, rus və ərəb dillərində kataloq, buklet və broşürlər nəşr etmişik. İnstitutun “Əsasnamələr, qaydalar, təlimatlar və məlumatlar toplusu”nu hazırlamışıq.
Müəllimlərimiz yeni dərs proqramları və dərsliklər üzərində çalışırlar. Bütün dərsliklərimizin öz mütəxəssislərimiz tərəfindən hazırlanmasını qərara almışıq. Artıq bir neçə dərsliyimiz nəşrə hazırdır. “İlahiyyat nəşrləri” layihəmizə isə müəllimlərimizin və bu sahədə çalışan mütəxəssislərin kitablarının, müxtəlif dillərdən tərcümə olunan əsərlərin nəşri daxildir. Bu il müəllimlərimizin Azərbaycan Respublikasının Konstitusiyasının fars dilində tərcüməsinin, “Din sosiologiyası” kitabının, o cümlədən 15-ə yaxın elmi əsərin nəşrini həyata keçirdik. Bu kitablar cəmiyyət tərəfindən rəğbət qazandı, maraqla qarşılandı. Məqsədimiz ilahiyyat sahəsindəki problemlər barədə beynəlxalq standartlara cavab verən tədqiqatlar aparmaq və onları nəşr etdirməkdir.
- Müsahibə üçün təşəkkür edir, gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti