Bakı. Trend:
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) Qəbələ rayonunda təşkil etdiyi “Din, mədəniyyət və cəmiyyət-2” mövzusunda “Qış məktəbi” ziyarət və seminarlarla davam edir.
Aİİ-dən Trend-ə verilən məlumata görə, “Qış məktəbi”nin növbəti günü tələbələr Qəbələ Arxeoloji Mərkəzinin yerləşdiyi ərazidə olublar. Məlumat verilib ki, bu ərazidə 1926-cı ildən başlayaraq arxeoloji tədqiqatlar aparılmaqdadır. Arxeoloji mərkəz öz funksionallığına və tarixi dövrləri əks etdirməsinə görə üç əraziyə “Qala”, “Səlbir” və “Çaqqallı” ərazilərinə bölündüyü bildirilib.
Tələbələr Qəbələ rayonunun Nic qəsəbəsində yerləşən “Cotari” Alban-Udi Kilsəsini də ziyarət ediblər. Burada tələbələrə məlumat verilib ki, dünyada yaşayan udilərin sayı on minə yaxındır. Altı mindən çox əhalisi olan Nic qəsəbəsində dörd mindən artıq udi yaşayır. Qəsəbədə udilər öz dillərini, dinlərini, adət-ənənələrini 2500 ildir qoruyub saxlayırlar. Bütün bunlarla yanaşı qəsəbədə ibtidai sinif şagirdləri üçün udi dili tədris olunur.
Daha sonra tələbələr Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayevin təqdimatında “Azərbaycanda yəhudi icmasının dünəni və bu günü” mövzusunda məruzəni dinləyiblər. Azərbaycanda yəhudiliyin tarixi və bugünü haqqında məlumat verib. O, yəhudiliyin Azərbaycandakı tarixinin 2000 ildən çox olduğunu, təmsil etdiyi dağ yəhudilərinin Avropa yəhudilərinə nisbətən daha çox şərq xalqlarına bənzədiklərini vurğulayıb. O, dağ yəhudilərinin təqribən 300 ilə yaxındır ki, Qubada məskunlaşdıqlarını, bu rayonda yerləşən “Qırmızı qəsəbənin” onların kompakt şəkildə yaşadıqları ən böyük yaşayış məskəni olduğunu qeyd edib. M.Yevdayev ölkə yəhudilərinin Azərbaycan xalqı ilə əsrlər boyu dostluq və qardaşlıq şəraitində yaşadıqlarını və heç vaxt diskriminasiyaya məruz qalmadıqlarını xüsusilə vurğulayaraq, Azərbaycanın antisemitizmin olmadığı nadir dövlətlərdən biri olduğunu, dövlətin yəhudi icmalarına xüsusi qayğı göstərdiyini, maliyyə yardımı ayırdığını, sinaqoqları bərpa və təmir etdiyini bildirib.
Alban-Udi Xristian İcmasının sədr müavini Rafik Danakari Albaniyada xristianlığın meydana gəlməsi, Alban kilsəsinin təşəkkül tarixi, kilsənin son mərhələsi, onun ləğvi və ya məhv edilməsi məsələlərinə toxunaraq bəzi mübahisəli mövzulara aydınlıq gətirib. Qeyd olunub ki, minillik Albaniya dövləti Azərbaycanın dövlətçilik tarixində dərin iz buraxıb, onun yaratdığı irs sonrakı Azərbaycan dövlətlərinin həyatında davam etdirilib. 2018-ci il mart ayının 11-də Alban kilsəsinin ləğv edilməsinin 182 ilinin tamam olduğunu deyən R.Mobili bildirib ki, erməni və ermənipərəst tarixçilər mövzunu erməni-qriqoryan kilsəsinin konsepsiyasna uyğunlaşdırıb və tarixi reallığı təhrif edib. Qeyd olunub ki, tarixi məlumatlar Alban kilsəsinin təkcə Qafqazda deyil, bütün Şərq xristian dünyasında ən qədim kilsələrdən biri olmaqla, apostol mənşəli olduğunu göstərir. 1836-cı ilə qədər iqamətgahı Gəncəsərdə yerləşən, müstəqil şəkildə mitropoliya statusunda mövcud olan Alban katalikosluğu həmin il martın 11-də Rusiya çarı I Nikolayın “Erməni-qriqoryan kilsəsi haqqında reskripti” ilə ləğv edilib, katalikosat xəttinə və vəzifə təyinatına son qoyulub. Bütün bunların bədniyyətli qonşularımızın 2 əsr ərzində bizə qarşı yürütdükləri tarixi saxtalaşdırma siyasətinin tərkib hissəsi olduğunu söyləyən məruzəçi qeyd edib ki, erməni kilsəsi, nəinki, Alban kilsəsinin məbədlərini, dəftərxanasını, həmçinin əsrlərlə orada saxlanılan bütün əlyazmaları, qədim Alban abidələrini, Qüds şəhərində yerləşən məbədi və kilsəyə məxsus olan iqamətgahı mənimsəyib.
Xatırladaq ki, fevralın 7-nədək davam edəcək “Qış məktəbi”nin təşkilində əsas məqsəd tələbələrin dünyagörüşünün zənginləşdirilməsi, onların ölkəmizdə mövcud multikultural, tolerant mühitin canlı şahidi olmalarıdır.