...

Ombudsman BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəsi ilə görüşüb

Cəmiyyət Materials 12 Fevral 2020 19:58 (UTC +04:00)
Ombudsman Səbinə Əliyeva BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəsi ilə görüşüb
Ombudsman BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəsi ilə görüşüb

Bakı. Trend:

İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəsi Guido Ambrosonu qəbul edib.

Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, qonağı salamlayan Müvəkkil Səbinə Əliyeva Ombudsman institutunun qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsi istiqamətində həyata keçirdiyi çoxşaxəli fəaliyyət barəsində məlumat verib. O, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili haqqında Konstitusiya Qanununa əsasən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin də Ombudsmana müraciət etmək hüququnun olduğunu, bu kateqoriyalardan olan insanlardan müraciətlər aldığını bildirib. Belə müraciətlərə heç bir ayrı-seçkiliyə yol verilmədən hər birinə diqqətlə baxıldığı, müsbət həlli istiqamətində müvafiq işlər görüldüyü qeyd olunub.

Ermənistanın etnik təmizləmə və işğalçılıq siyasəti nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş bir milyondan çox azərbaycanlının bütün fundamental hüquqlarının pozulduğu qonağın diqqətinə çatdırılıb. Bu kateqoriyaya aid insanların hüquq və azadlıqlarının təmin olunmasının Ombudsmanın fəaliyyətində prioritet istiqamətlərdən biri olduğu vurğulanıb.

Görüş zamanı birgə təlim-seminarların və maarifləndirmə tədbirlərinin təşkili miqrantların hüquqlarının səmərəli təmini, onların vətəndaşlıq problemlərinin həlli, qanunvericiliyin təkmilləşdirilməsi üzrə əməkdaşlıq istiqamətləri müzakirə olunub. Ombudsman, eyni zamanda, iki qurum arasında mövcud əməkdaşlığın genişləndirilməsi məqəsdilə yeni və daha uzunmüddətli anlaşma memorandumunun imzalanmasını təklif edib.

Səmimi qəbula görə Müvəkkilə təşəkkürünü bildirən qonaq Ombudsmanın məcburi köçkün və miqrantların hüquqlarının müdafiəsi sahəsindəki fəaliyyətini yüksək qiymətləndirib, iki qurum arasındakı əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini qeyd edib.

Sonda qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti