Bakı. Samir Əli - Trend:
“Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 112 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 iyun 2020-ci il tarixli 202 nömrəli qərarına əsasən iyul ayı ərzində tibb işçilərinin əmək haqlarına müddətli əlavələr ödənilib.
Belə ki, Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələri üzrə 993 tibb işçisinə vahid tarif (vəzifə maaşının) 5 misli həcmində 1.36 milyon manat vəsait ödənilib. Bu tibb işçiləri Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik və Tədris Cərrahiyyə Klinikalarının, Bakı Sağlamlıq Mərkəzinin, Respublika Psixiatriya xəstəxanasında yeni növ koronavirus infeksiyasına yoluxmuş xəstələrə qulluq edən tibb işçiləri olub.
Bu barədə Trend-ə nazirliyin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, nazirliyinin tabeliyində olan tibb müəssisələri üzrə 166 tibb işçisinə vahid tarif (vəzifə) maaşının 4 misli həcmində 298 min manat vəsait ödənilib. Bu işçilər bioloji yaxmanın laborator müayinəsi ilə məşğul olan Xüsusi Təhlükəli infeksiyalara Nəzarət Mərkəzi və onun regional bölmələri, eləcə də Məhkəmə Tibbi Ekspertiza və Patoloji anatomiya Birliyinin işçiləri olub.
Bundan başqa, Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələri üzrə 1076 işçiyə vahid tarif (vəzifə) maaşının 3 misli həcmində 755 min manat vəsait ödənilib. Bu işçilər Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin, rayon və şəhər gigiyena və epidemiologiya mərkəzinin, Bakı şəhər Dezinfeksiya Mərkəzinin, Sanitar Karantin Mərkəzinin tibbi profilaktik tədbirləri həyata keçirən həkim, orta tibb heyəti, o cümlədən dezinfektorlar və digər işçilər olub.
Qeyd edilən işçilərin əməkhaqlarına müddətli əlavələr yeni növ koronavirus infeksiyası ilə mübarizəyə cəlb edilmiş iş vaxtına mütənasib olaraq ödənilib.
Məlumat üçün bildirək ki, dövlət tibb müəssisələri tərəfindən göndərilən siyahılara uyğun olaraq Səhiyyə Nazirliyi tərəfindən avqust ayı üzrə də müddətli əlavələrin ödənilməsinə başlanılır.