...

ADU-nun rektoru Özbəkistanın Azərbaycandakı səfiri ilə görüşüb

Cəmiyyət Materials 16 Fevral 2021 15:33 (UTC +04:00)
ADU-nun rektoru Özbəkistanın Azərbaycandakı səfiri ilə görüşüb

Bakı. Trend:

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla Özbəkistanın Azərbaycandakı səfiri Baxrom Aşrafxanovla görüşüb. Qonağı rəhbərlik etdiyi ali təhsil ocağında görməkdən məmnun olduğunu deyən rektor bildirib ki, ADU ilə Özbəkistan universitetləri arasında müxtəlif istiqamətli əlaqələr mövcuddur. Kamal Abdulla bu vacib əlaqələrin əhatəsinin genişlənəcəyinə və daha ciddi müstəvidə davam edəcəyinə inamını ifadə edib.

Azərbaycan Dillər Universitetinin xarici dillərin tədrisi üzrə ixtisaslaşmış əsas mərkəz olduğunu qeyd edən akademik Kamal Abdulla ADU-da fəaliyyət göstərən dil və mədəniyyət mərkəzlərinin fəaliyyətinə də toxunub. O, daha sonra qonağa universitetin “Səfir saatı” layihəsi haqqında məlumat verib. Görüşdə həmçinin qeyd olunub ki, ADU-nun Özbəkistanın Daşkənd Dövlət Universiteti və Səmərqənd Dövlət Universiteti ilə əməkdaşlığı mövcuddur.

Baxrom Aşrafxanov Azərbaycan Dillər Universitetində olmaqdan məmnun olduğunu deyib. Diplomatik vəzifəyə təyinatından sonra elm və təhsil məsələlərinin onun üçün prioritet sahələr olduğunu deyən səfir əlavə edib ki, bu istiqamətdə xüsusən ADU ilə əlaqələri genişləndirməkdə maraqlıdır. Səmərqənd Dövlət Universitetində Nizami Gəncəvi Mərkəzinin fəaliyyət göstərdiyini qeyd edən Baxrom Aşrafxanov Azərbaycan Dillər Universitetində Özbək Dili və Mədəniyyəti Mərkəzinin açılmasını təklif edib.
Daha sonra digər qarşılıqlı məsələlər müzakirə olunub, mart ayında iki ölkədən olan mütəxəssislərin iştirakı ilə müştərək onlayn konfransın keçirilməsi haqqında razılığa gəlinib.

Görüşdən sonra səfir ADU-da fəaliyyət göstərən Heydər Əliyev Lektoriyası, eləcə də dil və mədəniyyət mərkəzləri ilə tanış olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti