Bakı. Trend:
Bir neçə gün öncə Qazaxıstanın Türküstan vilayətində yerləşən “Tau Samali” istirahət mərkəzində bu ölkənin aparıcı siyasi qüvvəsi - “Nur Otan” partiyasının gənclər qanadı olan “Jas Otan” təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin və digər qurumların birgə təşkilatçılığı ilə Beynəlxalq Siyasi-Gənclik Forumu öz işinə başlayıb.
Forumun əsas məqsədi gənclərin liderlik, nitq və kommunikasiya qurma bacarıqlarını inkişaf etdirmək, komanda və şəbəkə yaratmaq qabiliyyətlərini, onların informasiya texnologiyalarına, o cümlədən, xeyriyyə işlərində iştiraka olan maraqlarını artırmaqdır.
Forum çərçivəsində bu gün Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş “Mənəviyyat körpüləri – Fərabidən Nizamiyə qədər” panel sessiyası baş tutub. Sessiyanı açaraq iştirakçıları salamlayan və tədbirin vacibliyini qeyd edən “Jas Otan” təşkilatının sədri Nurjan Jetpisbayev, İƏT Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin Baş direktor vəzifələrini icra edən Vüsal Qurbanova söz verib. V.Qurbanov öz çıxışında Nizami Gəncəvinin yazdıqları poemaların əhəmiyyətindən, dünyaya verdiyi humanist xarakterli mesajlardan bəhs edib, eləcə də Qazaxıstan ərazisində yaşayıb yaratmış məşhur alim Fərabi, yazıçı Abay Kunanbayevin humanist ideyaların yayılmasında oynadıqları rol haqda danışıb. Azərbaycan Yazıçılar Birliyinin katibi, tanınmış yazıçı və dramaturq İlqar Fəhmi onlayn formatda Nizami yaradıcılığının özəllikləri haqda mühazirə oxuyub. Qazaxıstandan olan professor, fəlsəfə elmləri doktoru Amerkul Abuov isə öz çıxışında Fərabi yaradıcılığı, müasir qazax gəncliyinin bu alimdən öyrənməli olduğu şeylər haqda bəhs edib.
Sessiyanın sonunda Nurjan Jetpisbayev erməni işğalından azad edilmiş və prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın mədəni paytaxtı elan edilmiş Şuşa şəhəri haqda öz fikirlərini bölüşərək, son aylarda şəhərdə mədəni abidələrin bərpası sahəsində görülən işlərə yüksək qiymət verib və baş tutacaq beynəlxalq mədəni tədbirlər çərçivəsində Qazaxıstan nümayəndə heyətinin tərkibində bu şəhərə gəlmək arzusunu ifadə edib. Rusiya, Özbəkistan və Tacikistandan olan gənclər də Şuşaya getmək arzularını bildiriblər.