...

Mingəçevir Dövlət Universiteti şəhid məzun Kənan Abdullayevi anıb (FOTO)

Cəmiyyət Materials 19 Oktyabr 2021 14:21 (UTC +04:00)
Mingəçevir Dövlət Universiteti şəhid məzun Kənan Abdullayevi anıb (FOTO)

Bakı. Trend:

16 oktyabr 2021-ci il tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) məzunu Kənan Abdullayevin şəhadətə yüksəlməsinin bir ili tamam olub. Bu münasibətlə, MDU-nun Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzinin təşkilatçılığı ilə Mingəçevir Şəhidlər xiyabanını ziyarət edən universitetin bir qrup tələbə və müəllim kollektivi üzvü qəhrəman məzunun məzarı üzərinə gül dəstələri düzüb və onun əziz xatirəsini böyük ehtiramla yad ediblər.

Şəhid məzunun tələbəlik illəri haqqında xatirələrini bölüşən müəllimləri Azərbaycan xalqına Kənan kimi igid, vətənpərvər və mərd oğul yetişdirən valideynlərə dərin ehtiramlarını bildiriblər.

Tariximizin şanlı səhifələrinin yazılmasında igidlik göstərən qəhrəman əsgər və zabitlərlə qürur duyduqlarını qeyd edən MDU kollektivi üzvləri əzəli torpaqlarımızın düşmən işğalından azad edilməsi uğrunda canından keçən bütün şəhidlərə rəhmət, qazilərə isə şəfa diləyiblər.

Bildirilib ki, Azərbaycan Ordusunun leytenantı, 29 yaşlı Kənan Abdullayev 2011-2015-ci illərdə MDU-da ali təhsil alıb. 2020-ci ilin 16 oktyabr tarixində Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhidlik məqamına yüksələn universitetin qəhrəman məzunu dövlət başçımızın müvafiq Sərəncamına əsasən “Vətən uğrunda” medalı ilə təltif edilib.

Qeyd edək ki, otuz illik yurd həsrətinə son qoyan 44 günlük tarixi zəfər yürüşündə MDU-nun 4 əməkdaşı, 120-dən çox tələbə və məzunu iştirak edib, 5 məzunu isə şəhidlik zirvəsinə ucalıb. Tələbələrin vətənpərvərlik ruhunda yetişdirilməsinə xüsusi əhəmiyyət verən MDU-da şəhid məzunların adlarının əbədiləşdirilməsi, onların əziz xatirəsinin daim uca tutulması və göstərdikləri şücaətlərin gənc nəsil arasında təbliğ edilməsi diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə fəaliyyətləri çevik və səmərəli əlaqələndirmək üçün universitetdə Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzi yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti