Bakı. Trend:
26 iyun 2022-ci il tarixində Azərbaycan Dövlət Akademik
Filarmoniyasının səhnəsində Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və
təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin
təşkilati dəstəyi, “Avrora Qrup”un Baş sponsorluğu ilə xeyriyyə
konserti baş tutacaq.
Corner.az xəbər verir ki, konsertdə Ü.Hacıbəyov adına Bakı Musiqi
Akademiyasının rektoru, Qarabağ Dirçəliş Fondunun Müşahidə
Şurasının üzvü, Xalq artisti Fərhad Bədəlbəyli, Xalq artisti Samir
Cəfərov, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin bədii
rəhbər və baş dirijoru, Xalq artisti Fəxrəddin Kərimov, Əməkdar
artistlər Aygün Zeynalova, Aygün Bəylər, Arzu Əliyeva, Ceyla
Seyidova, Muğam Televiziya müsabiqəsi qalibləri Günay
İmamverdiyeva, Babək Şuşalı və ifaçı Cəlal Kərimov çıxış edəcəklər.
Bədii hissədən dərhal sonra Filarmoniyanın yay zalında (açıq hava)
rəsmi ziyafət baş tutacaqdır.
Məlumat üçün bildirək ki, həm konsert, həm də rəsmi ziyafət üçün
biletləri Qarabağ Dirçəliş Fonduna müraciət edərək, eyni zamanda
iTicket.az saytından və satış məntəqələrindən əldə etmək mümkündür.
(Bilet əldə etmək üçün linkə keçid et: https://iticket.az/.../con.../karabakh-night-charity-concert)
Konsertdən əldə edilən vəsaitlər işğaldan azad edilən ərazilərin
bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və
yüksək rifaha malik regiona çevrilməsi, burada ekoloji tarazlığın
bərpa olunması istiqamətində həyata keçirilən tədbirlərə
yönəldiləcəkdir.
Konsertin informasiya dəstəyi “Azərbaycan Televiziya və Radio
Verilişləri” Qapalı Səhmdar Cəmiyyətidir.
Əziz həmvətənlərimiz, hər kəsi işğaldan azad olunan ərazilərin
bərpası istiqamətində görülən işlərə dəstək olmaq kimi mühüm bir
missiyaya xidmət edəcək konsertə bilet əldə etməyə dəvət edirik.
Hər bilet Qarabağın dirçəlişi üçün mühüm töhfədir.
Qarabağı BİRLİKDƏ daha gözəl bərpa edəcəyik!