Bakı. Trend:
Azərbaycan Silahlı Qüvvələrində fərarilik faktı qeydə alınmayıb.
Trend-in məlumatına görə, bunu Respublika Hərbi Prokurorluğunda keçirilən kollegiya iclasında Baş prokurorun müavini, Respublika Hərbi prokuroru Xanlar Vəliyev deyib.
O bildirib ki, bu ilin 6 ayı ərzində qeydə alınmış bəzi qəbildən olan cinayətlər əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə azalıb.
"Belə ki, 2021-ci ilin birinci yarımili ilə müqayisədə 2022-ci ilin birinci yarısında qeydə alınmış özünü öldürmə həddinə çatdırma cinayətləri 30 faiz, silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma cinayətləri 88,9 faiz, maşınları idarəetmə və istismar qaydalarını pozma cinayətləri 14,3 faiz, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə cinayətləri 40 faiz və xuliqanlıq cinayətləri 25 faiz azalıb. Ötən ilin eyni dövrü ilə müqayisədə şəxsi heyətin itkilərinin sayı da ümumilikdə əhəmiyyətli dərəcədə azalıb. Vurğulanıb ki, sözügedən dövrdə fərarilik və qəsdən sağlamlığa ağır zərərvurma cinayətləri törədilməyib", - X.Vəliyev deyib.