...

Sentyabrın 10-a qədər Laçındakı bütün obyektlərə su veriləcək (FOTO)

Cəmiyyət Materials 1 Sentyabr 2022 12:09 (UTC +04:00)
Sentyabrın 10-a qədər Laçındakı bütün obyektlərə su veriləcək (FOTO)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Ermənilər Laçın şəhərinə gələn su borusunu odun parçası ilə bağlayıb.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

O bildirib ki, təmsil etdiyi qurum Laçın şəhərinin içməli su təminatını həyata keçirərkən bu faktla qarşılaşıb.

"Laçına su nəql edən bütün nasoslar sökülüb aparılıb və nasosxana binası dağıdılıb. Biz magistral su kəmərini tapdıq, alternativ mənbələr olan bulaqlardan Laçın şəhərinə suyun gətirilməsi ilə bağlı işlər gördük. Amma məlum oldu ki, şəhərə su gəlib çıxmır. Araşdırma zamanı məlum oldu ki, onlar 325 mm-lik diametrdə olan su xəttinin bir hissəsini kəsib, polad borunun içərisinə odun parçası qoyaraq şəhərə suyun gəlməsinin qarşısını alıblar. Bu ərazidə hərbçilərin içməli su ilə təmin olunması üçün biz dərhal əraziyə 3 su maşını ezam etdik. Artıq avqustun 31-də biz alternativ mənbədən bura suyun gətirilərək maşınlara doldurulması üçün yer yaratdıq. Hazırda Laçın şəhərinin su təminatı üçün maşınlar xidmət göstərir",- A.Cəbrayıllı bildirib.

"Azərsu" rəsmisi bildirib ki, hazırda Laçın şəhərində şəbəkə təftiş olunur:

"Burada anbarlar olsa da, onlar ümumiyyətlə istifadə olunmayıb. Ona görə də ilkin olaraq istəyirik ki, yeni xətlərlə məşkunlaşma olan ərazilərə su verək. Artıq yeni xəttin çəkilməsi üçün əraziyə lazım olan texnika və avadanlıqlar gətirilib, artıq biz həmin ərazilərə su xətlərinin çəkilməsi işlərinə başlayırıq. Qeyd edim ki, Laçının işğaldan azad olunan digər ərazilərinin su təminatı ilə bağlı ötən ildən işlərə başlamışıq. Artıq Laçın ərazisində müxtəlif diametrli borularla 13 kilometrdən artıq su xətti çəkilib. Həmin ərazilər artıq içməli su ilə təmin olunub. Məqsədimiz odur ki, Laçın şəhərində olan obyektləri su ilə tam təmin edək. Yəni bu ərazilərdə kifayət qədər su var. Bu gün ərazidə artezyan vurulması haqqında düşünmürük. Bu həftə Laçın şəhərində bir neçə obyektə su verəcəyik. Çalışacağıq ki, sentyabrın 10-a qədər Laçın rayonundakı bütün obyektlərə su verək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti