Bakı. Trend:
Azərbaycanda gömrük əməkdaşlarının peşə bayramı gününün qeyd edilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Umumilli lider Heydər Əliyev deyirdi: " Azərbaycanın həm iqtisadi, həm siyasi cəhətdən dövlət müstəqilliyini təmin etmək, qorumaq, inkişaf etdirmək üçün gömrük xidməti çox əhəmiyyətli, çox lazımlı təşkilatdır".
Bu gün Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev Azərbaycan gömrüyünün daha da təkmilləşdirilməsi işini diqqət mərkəzində saxlayır. Hazırda ölkəmizdə beynəlxalq standartlara cavab verən modern gömrük sistemi yaradılmış və onun dünya gömrük sisteminə inteqrasiyası istiqamətində uğurlu addımlar atılır. Azərbaycan gömrükçüləri xalqımızın firavan gələcəyinin təmin edilməsi uğrunda əzmlə çalışırlar. Onların əsas məqsədi dövlət başçısı tərəfindən göstərilən etimadı doğrultmaq, dövlətçiliyə sədaqət nümayiş etdirməklə qarşıya qoyulan vəzifələri vicdanla yerinə yetirməkdir.
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin nəzdində fəaliyyət göstərən Mərkəzi Gömrük Hospitalı gömrük əməkdaşlarına və respublikamızın bütün vətəndaşlarına yüksək keyfiyyətli tibbi xidmət göstərir.
Azərbaycan Respublikası Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının kollektivi Azərbaycanın gömrük işçilərini peşə bayramı münasibətilə təbrik edir, onlara çox şərəfli və məsul fəaliyyətlərində uğurlar arzulayır.