Bakı. Trend:
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanlarının rəhbərləri və xidmət təşkilatlarının məsul şəxsləri ilə birlikdə Qımılqışlaq kəndində səyyar qəbul keçirib. Qəbulda Qımılqışlaq İnzibati Ərazi Dairəsinə daxil olan Mollabürhanlı, Çuxuroba, Maşıoba, Mirzəmmədqışlaq, Qadaşoba, Ağarəhimoba, Şıxlar və Hacıisaoba kəndlərinin sakinləri iştirak edib.
Əvvəlcə qardaş Türkiyə Respublikasında baş vermiş zəlzələ nəticəsində həlak olanların və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra vətəndaşların müraciət və təklifləri dinlənilib. Sakinlər elektrik təsərrüfatının yenilənməsi, daxili yolların təmiri, suvarmada mövcud olan çətinliklər və digər sosial məsələlərlə bağlı müraciətlər səsləndiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin
arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən
problemlərin aradan qaldırılması istiqamətində müvafiq
tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll
edilib.
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə
həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya
görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə
minnətdarlıqlarını ifadə ediblər.
Sonda Vətən müharibəsi iştirakçılarına təltif olunduqları medallar təqdim olunub.