Laçın. Trend:
Bu gün Həkəri çayına qızılxallı forel balıqları buraxılıb.
Trend-in məlumatına görə, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə işçi qrupun üzvlərinin və media nümayəndələrinin iştirakı ilə Laçın rayonunun Sus kəndi ərazisində Həkəri çayına 1500 ədəd Azərbaycan Respublikasının "Qırmızı kitab" növü olan qızılxallı forel balıqları buraxılıb.
Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə fauna növlərinin reintroduksiyası ilə bağlı dayanıqlı populiyasiyasının öyrənilməsi məqsədilə həmin ərazilərdə monitorinqlər keçirilir.
Həmçinin Zəngilan, Qubadlı və Füzuli rayonlarının ərazisindən axan Bəsitçay, Həkəriçay, Bərgüşad və Köndələnçay çaylarına 408 000, eləcə də Suqovuşan və Xaçınçay su anbarlarına 400 000 fərd qızılxallı forel və çəki cinsli (ağ amur, ağ qalın alın) balıq körpələri buraxılıb.