...

Gömrük Akademiyası ilə Balıkesir Universiteti arasında Anlaşma Memorandumu imzalanıb (FOTO)

Cəmiyyət Materials 4 Aprel 2023 22:00 (UTC +04:00)
Gömrük Akademiyası ilə Balıkesir Universiteti arasında Anlaşma Memorandumu imzalanıb (FOTO)

Bakı. Trend:

Dövlət Gömrük Komitəsinin Akademiyası ilə Türkiyənin Balıkesir Universiteti arasında Anlaşma Memorandumu imzalanıb. Onlayn formatda təşkil olunan görüşdə Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov, Balıkesir Universitetinin rektoru Prof. Dr. Yücel Oğurlu və hər iki ali təhsil müəssisəsinin əməkdaşları iştirak ediblər.

Gömrük Akademiyasından Trend-ə verilən məlumata görə, Akademiyanın rəisi Qulu Novruzov Azərbaycan ilə Türkiyə arasında mövcud olan səmimi dostluq və qardaşlıq əlaqələrindən söz açaraq təhsil sahəsində də əməkdaşlığın vacibliyini qeyd edib. Azərbaycan ilə Türkiyə arasında imzalanan Şuşa Bəyannaməsinin böyük tarixi və strateji əhəmiyyətdən söz açan Qulu Novruzov iki ölkə arasında bütün sahələrdəki əməkdaşlıqların bu bəyannamənin ruhunu özündə ifadə etməli olduğunu qeyd edib. Akademiyanın rəisi zəngin tarixi inkişaf yolu keçən Balıkesir Universiteti ilə imzalanacaq memorandumun qarşılıqlı əməkdaşlıq əlaqələrini daha da inkişaf etdirəcəyinə əminliyi vurğulayıb.

Görüşdə Balıkesir Universitetinin rektoru Prof. Dr. Yücel Oğurlu təmsil etdiyi ali təhsil müəssisəsinin strateji hədəfləri barədə danışaraq bu istiqamətdə Akademiya ilə əməkdaşlıqdan qürur duyduqlarını bildirib. Y. Oğurlu qarşılıqlı maraq doğuran sahələr üzrə birgə fəaliyyətin hər iki tərəf üçün səmərəli olacağını əminliklə qeyd edib.

Müzakirələrdən sonra iki ali təhsil müəssisəsi arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
Memoranduma əsasən, tərəflər arasında birgə konfransların keçirilməsi, tədqiqat işlərinin aparılması, tələbə və akademik heyətin mübadiləsi, beynəlxalq layihələr çərçivəsində tərəfdaşlıq və s. nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti