Bakı. Trend:
Bu gün Bakı Konqres Mərkəzində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanda veteran hərəkatı” mövzusunda konfrans keçirilib.
Trend-in məlumatına görə, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov konfransı açıq elan edib.
Konfransda çıxış edən Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev Azərbaycan veteranlar hərəkatının formalaşmasında və inkişafına Ümummilli lider Heydər Əliyevin müstəsna rolu olduğunu bildirib: “Ulu öndər Heydər Əliyev veteranlara hər zaman böyük diqqət və qayğı ilə yanaşıb, onlara münasibətdə xüsusi həssaslıq sərgiləyib. Heydər Əliyev veteranlara qayğı göstərməklə yanaşı, onların dövlətçilik mənafeyi, milli maraqlar kontekstində birləşməsini də zəruri hesab edir, bu istiqamətdə mütəmadi addımlar atırdı. Ümummilli lider haqlı olaraq hesab edirdi ki, zəngin və şərəfli həyat yolu keçən veteranlar cəmiyyətin digər təbəqələri, xüsusilə də yeniyetmə və gənclər üçün nümunə olmalı, gənc nəsillər Vətənə, milli mənəvi dəyərlərə olan sevgini və bağlılığı veteranlardan öyrənməlidirlər. Bu baxımdan Heydər Əliyev veteranları cəmiyyətin avanqardı sayır, onların birliyinə, təşkilatlanmağına xüsusi önəm verirdi. Təsadüfi deyil ki, Azərbaycan veteranlar hərəkatının formalaşması Ulu öndərin adı ilə bağlıdır.
Veteranlarımızın iştirakı ilə keçirilən bu konfrans sübut edir ki, cəmiyyətimizin bütün təbəqəsi kimi veteranlar da öz qayğıkeş liderlərinin tarixi xidmətini unutmur, Ümummilli lideri hər zaman sevgi və ehtiram hissi ilə yad edirlər. Və nə qədər ki, Azərbaycan xalqı var Heydər Əliyev də xalqımızla birlikdə yaşayacaq, sonsuz sevgi ilə xatırlanacaqdır”.
Daha sonra çıxış edən Cəlil Xəlilov Ulu öndərin sayəsində veteranlara dövlət qayğısının yüksək səviyyəyə çatdığını vurğulayıb: “Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. Heydər Əliyevin Azərbaycan qarşısındakı xidmətlərindən danışarkən onun ölkədə veteran hərəkatının inkişafına göstərdiyi böyük dəstək də yada düşür. Ulu Öndərin imzaladığı ilk qanunlardan biri veteranların hüquqlarının bərpası ilə bağlı “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu (1994-cü il 28 iyun) olub. Bununla da veteranlara dövlət qayğısı tamamilə bərpa edilmiş, onlara münasibət yüksək səviyyəyə qaldırılıb.
Bu siyasət sonrakı mərhələdə Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilmiş, veteranlara dövlət qayğısı yeni səviyyəyə qaldırılmışdır. Bunun son təzahürləri kimi Respublika Veteranlar Təşkilatına ayrılan müasir standartlara tam cavab verən inzibati binanı, 1941-1945-ci illər İkinci Dünya müharibəsində faşizm üzərində Qələbə münasibətilə ayrılan birdəfəlik maddi yardımın və pensiyaların miqdarının ildən-ilə artırılmasını, veteranların mənzil və şəxsi avtomobillə təmin edilməsini, pulsuz müalicə olunmalarını və nəhayət veteranlara dövlət qayğısının artırılmasını qeyd etmək olar.
Veteranlar bu münasibəti yüksək qiymətləndirir, göstərilən qayğı və diqqəti minnətdarlıqla qeyd edirlər”.
Konfransda Prezident Administrasiyasının məsul əməkdaşları Əli Pənahov və Samir Məmmədov, dövlət və QHT təmsilçiləri, veteranlar və gənclər iştirak edib.