...

Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib (FOTO)

Cəmiyyət Materials 8 Aprel 2023 13:37 (UTC +04:00)
Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib (FOTO)

Bakı. Trend:

Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.

Trend-in məlumatına görə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Aparatın əməkdaşları aksiyaya qoşulublar.

“Heydər Əliyev İli” çərçivəsində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən aksiya paytaxtın Nərimanov rayonu ərazisində keçirilib.

Aksiya çərçivəsində Nərimanov rayonu bələdiyyəsinin yeddi hektarlıq ərazisində Ombudsman Aparatının əməkdaşları tərəfindən müxtəlif cinsli ağac tingi əkilib.

Səbinə Əliyeva bildirib ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dövründə ölkədə ekoloji problemlərin həlli, təbii sərvətlərdən səmərəli istifadə məsələlərini daim diqqət mərkəzində saxlayıb: "Ölkəmizdə ekologiya və ətraf mühitin mühafizəsi istiqamətində görülən işlər dövlət siyasətinin prioritet istiqamətlərindəndir biridir. Ulu Öndər Heydər Əliyevin ölkəmizin müxtəlif sahələrinə olan diqqət və qayğısı, ekologiya və təbiətin mühafizəsi sahəsində də daim özünü büruzə verib. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı olaraq geniş tərkibdə bu cür ağacəkmə kampaniyasına qoşulmaqdan qürur hissi keçirtdiyimizi xüsusilə vurğulamaq istəyirəm. Ombudsman Aparatı olaraq, mütəmadi şəkildə sağlam ətraf mühitdə yaşamaq hüququnun təmininə yönəlmiş bu cür təşəbbüslərə qoşuluruq.

Düşünürəm ki, qlobal səviyyədə ekoloji problemlərin getdikcə artdığı bir zamanda gələcək nəsillərimizə də örnək olacaq bu cür aksiyalar vasitəsi ilə, onların daha yaxşı, daha təmiz və ekoloji cəhətdən sağlam mühitdə yaşaması üçün hər birimiz əlimizdən gələni etməliyik.

Fürsətdən istifadə edərək, hər kəsi ətraf mühitin mühafizəsində və yaşıllıqların artırılmasına xidmət edən bu cür aksiyalarda fəal iştirak etməyə çağırıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti