Bakı. Trend:
"Dərman vasitələri haqqında" qanuna dəyişiklik Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilib.
Trend-in məlumatına görə, "Dərman vasitələri haqqında" qanuna
dəyişikliklə Azərbaycanda dərman vasitələrinin dövlət qeydiyyatına
alınması ilə bağlı yeni qaydalar müəyyən edilir.
Dəyişikliyə əsasən, qanunun 6.6-cı maddəsi yeni redaksiyada
verilir. Yeni redaksiyada qeyd edilir ki, müxtəlif dərman
vasitələrinin eyni əmtəə nişanı adı altında (eyni istehsalçının (və
ya həmin istehsalçının lisenziyası əsasında istehsal olunmuş) eyni
əmtəə nişanı adı altında, lakin təsiredici maddənin dozası,
farmasevtik forması, ticarət qablaşdırması və ya qablaşdırma
miqdarı fərqli olan dərman vasitələri istisna olmaqla) dövlət
qeydiyyatına alınmasına yol verilmir.
Hazırda isə eyni maddədə “müxtəlif dərman vasitələrinin eyni ticarət adı altında dövlət qeydiyyatına alınmasına yol verilmir” kimi qeyd edilir.
Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.