Bakı. Trend:
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Medianın İnkişafı Agentliyi, Audiovizual Şura və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.
Trend xəbər verir ki, yaşıllıqların artırılmasına, ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş ulu öndər Heydər Əliyevin 100-cü ildönümü münasibətilə sözügedən qurumların rəsmilərinin, media subyektlərinin rəhbərlərinin və nümayəndələrinin iştirakı ilə Müşfiqabad qəsəbəsində keçirilən ağacəkmə aksiyası zamanı Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.
Ağacəkmə aksiyasının keçirilməsində məqsəd ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, ümummilli liderin təbiətə, yaşıllıqlara qayğı ənənələrini davam etdirməkdir.