...

Xarici diplomatlar üçün keçirilən ixtisasartırma təlimləri başa çatıb (FOTO)

Cəmiyyət Materials 23 İyun 2023 23:37 (UTC +04:00)
Xarici diplomatlar üçün keçirilən ixtisasartırma təlimləri başa çatıb (FOTO)

Bakı. Trend:

Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AlDA) ilə ADA Universiteti tərəfindən birgə təşkil olunan “Əcnəbi Diplomatlar üçün Xarici Siyasət Proqramı - 2023” adlı beynəlxalq təlim bugün başa çatıb.

Trend-in məlumatına görə, iki həftə davam edən proqramın rəsmi bağlanış mərasimində çıxış edən ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, AIDA-nın rəisi Elməddin Mehdiyev, habelə İnkişaf və Diplomatiya İnstitutunun direktor müavini Aygün Hacıyeva proqramın uğurları, əldə olunan nailiyyətlərə toxunaraq xarici diplomatlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Daha sonra, təlim proqramında iştirak edən 22 ölkənin diplomatına kursu bitirdiklərinə dair müvafiq sertifikatlat təqdim olunub. Qana, Qırğızıstan, Gürcüstan, Yunanıstan, Rusiya, Niger və Polşalı diplomatlar çıxış edərək təşkilatçılara təşəkkür edib, proqramın onların peşəkar qabiliyyətlərinin inkişafına, eləcə də Azərbaycanı yaxından tanımalarına əhəmiyyətli töhfələr verdiyini qeyd ediblər.

Proqram çərçivəsində xarici diplomatlara beynəlxalq siyasət, səmərəli diplomatik fəaliyyət, peşəkar bacarıq və qabiliyyətlərin inkişafı, Azərbaycanın xarici siyasət prioritetləri və uğurları, enerji diplomatiyası, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafına Azərbaycanın töhfələri kimi mövzularda təqdimatlar edilib. Bu məqsədlə, ADA Universitetinin professor-müəllim heyəti, İnkişaf və Diplomatiya İnstitutunun əməkdaşları, eləcə də Xarici İşlər Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və digər dövlət qurumlarını təmsil edən mütəxəssislər qonaq məruzəçilər kimi proqramda iştirak ediblər. Bununla yanaşı, xarici diplomatlar Azərbaycanın tarixi, mədəniyyəti, turizm potensialı və beynəlxalq müstəvidəki rolu, habelə rəqəmsal innovasiya və ictimai xidmət sahəsindəki uğurları haqda geniş məlumat əldə ediblər. Proqram çərçivəsində iştirakçılar üçün müxtəlif muzeylərə, tarixi-mədəni əhəmiyyətə malik yerlərə, o cümlədən Mədəniyyət paytaxtımız Şuşa şəhərinə səfər təşkil olunub.

Xatırladaq ki, illik əsasda keçirilən proqramda indiyədək 63 ölkədən 96 xarici diplomat iştirak edib. Proqramın 7-ci mərhələsinin növbəti il təşkil olunması nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti