Bakı. Trend:
Ötən il ölkədə 126,3 milyard manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal edilib.
Trend bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu göstərici əvvəlki illə müqayisədə 4,1% və ya 3,3 milyard manat artıb. Belə ki, 2023-cü ildə Azərbaycanda 123 milyard manat dəyərində ümumi daxili məhsul istehsal edilib.
Bununla yanaşı ötən il əhalinin hər nəfərinə düşən ÜDM 12,4 min manata bərabər olub ki, bu da, illik müqayisədə 0,3 min manat, yaxud da 2,2% çoxdur. 2023-cü ildə əhalinin hər nəfərinə düşən ÜDM 12,1 min manat təşkil edib.
Son 10 ildə isə Azərbaycanda ümumi daxili məhsul istehsalı 72 milyard manat və ya 2,3 dəfə artıb. Belə ki, 2015-ci ildə Azərbaycanda ümumi daxili məhsul istehsalının həcmi 54,3 milyard manat idi.
ÜDM istehsalının 35,9 faizi sənaye, 10,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,0 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,7 faizi tikinti, 5,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,9 faizi informasiya və rabitə sahələrinin, 19,9 faizi digər sahələrin payına düşüb. Məhsula və idxala xalis vergilər ÜDM-in 9,8 faizini təşkil edib.
İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,3 faiz, qeyri neft-qaz sektorunda isə 6,2 faiz artıb.
Qeyd edək ki, ÜDM verilmiş zaman müddətində ölkə daxilində istehsal olunan bütün son əmtəə və xidmətlərin bazar dəyəridir.
Son 10 ildə Azərbaycanda ÜDM istehsalının həcmi ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:
İllər | Ümumi Daxili Məhsul istehsalı |
2024 | 126,3 milyard manat |
2023 | 123 milyard manat |
2022 | 133,8 milyard manat |
2021 | 92,8 milyard manat |
2020 | 72,4 milyard manat |
2019 | 81,6 milyard manat |
2018 | 79,8 milyard manat |
2017 | 70,1 milyard manat |
2016 | 60,4 milyard manat |
2015 | 54,3 milyard manat |