Bakı. Trend:
Elektron Resept, kağız üzərində yazılan ənənəvi reseptlərdən fərqli olaraq, bir sıra mühüm üstünlüklərə malikdir.
Trend xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin Rəqəmsal Səhiyyə Mərkəzinin mütəxəssisi Sevinc Məhərrəmova açıqlayıb.
Onun sözlərinə görə, elektron reseptlər itmir, zədələnmir və fiziki daşıyıcılarda yaranan mümkün problemlərdən qorunmuş olur:
“Pasiyentlərə təyin edilən bütün reseptlər sistemin yaddaşında saxlanılır ki, bu da tibbi məlumatların əlçatanlığını təmin edərək, xəstələrə daha dəqiq və effektiv müalicə təyin edilməsinə şərait yaradır. Elektron reseptlərin tətbiqi, həmçinin ölkəyə qanunsuz yolla gətirilən dərman vasitələrinin dövriyyəsinin qarşısını alaraq, bu sahədə şəffaflığın artırılmasına xidmət edir”.
S.Məhərrəmova bildirib ki, elektron resept sistemində yalnız
dövlət qeydiyyatından keçən və qiymətlərin yuxarı həddi Tarif
Şurası tərəfindən təsdiq edilən dərman preparatlarının təyin
edilməsi mümkündür:
“Bu yanaşma pasiyentlərin keyfiyyətsiz və istifadə müddəti bitmiş
dərman vasitələrinə məruz qalmasının qarşısını alır və onların
təhlükəsiz müalicə almasını təmin edir. Elektron Resept tətbiqinin
daha bir üstünlüyü pasiyentə yazılan dərman vasitələrinin qəbul
vaxtlarının xatırladılmasıdır. Bunun üçün pasiyent mobil tətbiqə
daxil olub ona yazılan dərman vasitələrinin vaxtlarını bir kliklə
təqvimə əlavə edir. Dərman preparatlarının qəbul vaxtlarında təqvim
üzərindən mobil cihaza bildiriş daxil olur”.
Bundan əlavə, mütəxəssis qeyd edib ki, elektron resept tətbiqi vasitəsilə dərman vasitələrinin molekulyar tərkibinin təyin edilməsi mümkündür:
“Bu isə pasiyentlərə qiymət baxımından daha uyğun alternativlər seçmək imkanı yaradır, onların müalicə prosesini həm iqtisadi, həm də tibbi cəhətdən daha əlverişli edir”.