Bakı. Trend:
Ötən il ərzində Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən əmlakın yanğından və digər risklərdən sığortası üzrə yığımların həcmi 89 milyon manata çatıb.
Trend bu barədə Mərkəzi Bankdan məlumat əldə edib.
Məlumata görə, bu sığorta növü üzrə toplanmış sığorta haqqından 3,8 milyon manat sığorta ödənişi edilib. Edilən sığorta ödənişləri toplanmış sığorta haqqından 85,2 milyon manat və ya 23,6 dəfə az olub.
Ötən il əmlakın yanğından və digər risklərdən sığortası üzrə yığımlar əvvəlki illə müqayisədə 14 milyon manat və ya 18,7% artıb. Bu sığorta növü üzrə ödənişlər isə illik müqayisədə 71,6 milyon manat, yaxud da 20 dəfə az olub. Belə ki, 2023-cü ildə əmlakın yanğından və digər risklərdən sığortası üzrə yığımların həcmi 75 milyon manat, ödənişlərin həcmi isə 75,4 milyon manat təşkil edib.
Qeyd edək ki, ötən il ərzində Azərbaycanda sığorta yığımlarının ümumi həcmi 1,3 milyard manat təşkil edib. Bu, 2023-cü ildəki göstəricilərlə müqayisədə 130,6 milyon manat və ya 10,7% çoxdur. Hesabat dövründə sığorta şirkətlərinin etdiyi ödənişlərin ümumi həcmi isə 752,7 milyon manat olub ki, bu da illik müqayisədə 165,4 milyon manat və ya 28,1% artım deməkdir.