Bakı. Trend:
Ötən il Azərbaycanın Avropa İttifaqı (Aİ) ölkələri ilə ticarət dövriyyəsinin həcmi 19,6 milyard ABŞ dolları təşkil edib.
Trend bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu göstərici əvvəlki illə müqayisədə 5,2 milyard ABŞ dolları və ya 21% azdır. 2023-cü ildə Azərbaycanın Aİ ölkələri ilə ticarət dövriyyəsinin həcmi 24,8 milyard ABŞ dolları idi.
Hesabat dövründə ticarət dövriyyəsinin 16,8 milyard ABŞ dolları ixracın, 2,8 milyard ABŞ dolları isə idxalın payına düşüb. Bunlar da, 2023-cü illə nisbətən müvafiq olaraq 5 milyard ABŞ dolları (23%) və 0,2 milyard ABŞ dolları (6,7%) azdır. Belə ki, 2023-cü ildə Azərbaycanın Aİ ölkələri ilə ticarət dövriyyəsinin 21,8 milyard ABŞ dolları ixracın, 3 milyard ABŞ dolları isə idxalın payına düşüb
Hesabat dövründə ticarət dövriyyəsinin ilk üç yerində müvafiq olaraq İtaliya, Çexiya, Xorvatiya dayanıb.
İtaliya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 11,4 milyard ABŞ dolları (illik müqayisədə 27,3% və ya 4,3 milyard ABŞ dolları az) olub ki, onun da 10,88 milyard ABŞ dolları ixracın, 0,52 milyard dolları idxalın payına düşüb. İllik müqayisədə İtaliyaya ixrac 4,3 milyard ABŞ dolları və ya 28,2%, İtaliyadan idxal isə 7,9%, yaxud da 37,8 milyon ABŞ dolları azalıb.
Hesabat dövründə Azərbaycan ilə Çexiya arasında ticarət dövriyyəsinin həcmi 1,15 milyard ABŞ dolları (illik müqayisədə 386 milyon ABŞ dolları, yaxud da 50,3% çox) təşkil edib. Çexiyaya ixracın həcmi 1,09 milyard ABŞ dolları (1 il əvvələ nisbətən 59% və ya 404 milyon ABŞ dolları çox), Çexiyadan idxalın həcmi 64,8 milyon (1 il əvvəllə müqayisədə 18 milyon ABŞ dolları, yaxud da 22% az) olub.
Siyahının üçüncü yerində qərarlaşan Xorvatiya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 878 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 283 milyon ABŞ dolları və ya 47,6% çox) olub. Belə ki, Azərbaycandan Xorvatiyaya ixracın həcmi 873 milyon ABŞ dolları (illik müqayisədə 283 milyon ABŞ dolları, yaxud da 47,9% çox), Xorvatiyadan Azərbaycana idxalın həcmi isə 5,3 milyon ABŞ dolları (illik müqayisədə 0,5 milyon ABŞ dolları və ya 11% çox) olub.