Bakı. Trend:
Amerika Birləşmiş Ştatlarının Poçt Xidməti Çindən paketlərin qəbulunu dayandırıb.
Trend-in "South China Morning Post" (SCMP)-a istinadən verdiyi məlumata görə, ABŞ poçt şöbəsi bu qərarın səbəbləri ilə bağlı rəsmi açıqlama verməyib. Bununla belə, Çindən məktub və kiçik bağlamaların qəbulunun davam etdiyi bildirilir.
SCMP qeyd edir ki, bu addımın ABŞ prezidenti Donald Tramp administrasiyasının Çin mallarına tətbiq etdiyi yeni tariflərə cavab olaraq Pekin tərəfindən görülən tədbirlərlə əlaqəli olub-olmadığı hələlik məlum deyil.
Xatırladaq ki, fevralın 1-də Prezident Tramp Kanada, Çin və Meksikadan idxal olunan mallara əlavə gömrük rüsumları tətbiq edilməsi barədə sərəncam imzalayıb. Sənədə əsasən, Çindən gələn mallara 10% əlavə rüsum tətbiq olunacaq.