Bakı. Trend:
Avropa Komissiyası (AK) Kiyevə antikorrupsiya qurumlarına təzyiqlərin davam edəcəyi təqdirdə Avropa fondundan Ukraynaya maliyyə yardımının tam dayandırılmasının mümkünlüyü barədə xəbərdarlıq göndərib.
Trend-in məlumatına görə, bu barədə "Frankfurter Allgemeine Zeitung" qəzeti mənbələrə istinadən xəbər verib.
Məlumata əsasən, müvafiq məktub iyulun 21-də Ukraynanın Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli Bürosu və İxtisaslaşdırılmış Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğunun müstəqillikdən faktiki olaraq məhrum edilməsi cəhdindən sonra daxil olub. Bildirilib ki, Ali Radanın deputatı və baş nazirin Avropa məsələləri üzrə keçmiş müavini İvanna Klimpuş-Tsintsadze müvafiq sənədin alındığını təsdiqləyib.
Onun sözlərinə görə, orada bildirilib ki, “korrupsiyaya qarşı mübarizə orqanları ilə bağlı vəziyyət həll olunmazsa, Aİ fondunun maliyyə yardımı dondurulacaq”. Bu, “təkcə onun bir hissəsinə deyil, bütün növbəti tranşalara” aiddir.