Bakı. Trend:
Azərbaycanın Dövlət Neft Şirkətinə (SOCAR) məxsus , Türkiyədə yerləşən STAR neft emalı zavodu 2025-ci ilin may ayında aviasiya yanacağının istehsal həcmini əhəmiyyətli dərəcədə artırıb.
Bu barədə Trend Türkiyənin Enerji Bazarlarının Tənzimlənməsi İdarəsinə (EPDK) istinadla xəbər verir.
Dərc olunmuş informasiyaya əsasən, cari ilin may ayında zavodda 199 547 ton aviayanacaq istehsal olub ki, bu ötən ilin anoloji dövründəki istehsal həcmi (125 650 ton) ilə müqayisədə 58,7% çoxdur.
Qeyd edək ki, STAR zavodu hesabat dövründə – 2025-ci ilin may ayında – 796 302 ton xam neft idxal edib. Bu göstərici 2024-cü ilin may ayı ilə müqayisədə (973 110 ton) 18,2 faiz azalma deməkdir.
Onu da qeyd edək ki, “STAR” Neft Emalı Zavodu 2018-ci il oktyabrın 19-da fəaliyyətə başlayıb. Zavod neft emalı ilə neft-kimya sənayesinin inteqrasiyasını təmin edir və Türkiyə iqtisadiyyatının real sektorunda ən böyük investisiya layihəsidir.
2024-cü ilin sonundan etibarən zavodun illik xam neft emalı gücü 13 milyon tona çatıb. STAR zavodu dizel, nafta və aviasiya yanacağı daxil olmaqla müxtəlif neft məhsulları istehsal edir. Zavodun illik nafta istehsalı, demək olar ki, Petkim neft-kimya kompleksinin xammal tələbatını tam şəkildə qarşılayır.