Bakı. Trend:
Cari ilin yanvar-iyun aylarında Azərbaycandan 207,5 min ton metanol (metil spirti) ixrac edilib.
Trend Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda məhsulun ixracından əldə olunan gəlir 53,3 milyon ABŞ dolları olub.
Metanol ixracı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 23,7 min ton və ya 10,2% az, dəyər ifadəsi ilə 7,5 milyon ABŞ dolları, yaxud da 16,4% çoxdur.
Belə ki, 2024-cü ilin ilk yarısında Azərbaycandan 231,2 min ton miqdarında, 45,8 milyon ABŞ dolları dəyərində metanol ixrac edilmişdi.
Cari ilin hesabat dövründə ixrac edilmiş metanol ümumi ixracın 0,41%-ni, qeyri-neft sektoru üzrə ixracın 3,04%-ni təşkil edib.
Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycan xarici ölkələrlə 24,4 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu göstərici ötən ilin eyni dövrünə nisbətən 2,632 milyard ABŞ dolları və ya 12,1% çoxdur.
Xarici ticarət dövriyyəsinin 12,878 milyard ABŞ dolları ixracın, 11,522 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 0,2% azalıb, idxal isə 29,9% artıb.
Nəticədə, xarici ticarətdə 1,356 milyard dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 2,677 milyard ABŞ dolları və ya 3 dəfə azdır.