Bakı. Trend:
Bu ilin yanvar-iyun aylarında Azərbaycana məhsul idxalının həcmi 11,5 milyard ABŞ dolları təşkil edib.
Trend bu barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata görə, fiziki şəxslərin idxalda payı 1,013 milyon ABŞ dolları təşkil edib. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 92 milyon ABŞ dolları, yaxud da 10% çoxdur.
Belə ki, 2024-cü ilin yanvar-iyun aylarında Azərbaycana 8,9 milyard ABŞ dolları dəyərində məhsul idxal edilib ki, bunun da fiziki şəxslərə düşən payı 921 milyon ABŞ dolları olub.
Fiziki şəxslərin idxalda payı ümumi idxalın 8,79%-ini təşkil edib.
Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycan xarici ölkələrlə 24,4 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu göstərici ötən ilin eyni dövrünə nisbətən 2,632 milyard ABŞ dolları və ya 12,1% çoxdur.
Xarici ticarət dövriyyəsinin 12,878 milyard ABŞ dolları ixracın, 11,522 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 0,2% azalıb, idxal isə 29,9% artıb.
Nəticədə, xarici ticarətdə 1,356 milyard dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 2,677 milyard ABŞ dolları və ya 3 dəfə azdır.