Bakı. Trend:
“OpenAI” şirkətinin rəhbəri Sem Altman istifadəçilərin “ChatGPT” süni intellekt çat-botu ilə apardığı şəxsi söhbətlərdən məhkəmə prosesləri çərçivəsində istifadə oluna biləcəyi ilə bağlı xəbərdarlıq edib.
Trend xəbər verir ki, bu barədə “Business Insider” yazır.
“Siz ChatGPT ilə sizin üçün ən şəxsi olan mövzularda danışırsınız, sonra sizə qarşı qaldırılmış hər hansı iddiada bizim üzərimizi həmin məlumatları çatdırmaq öhdəliyi qoya bilərlər. Məncə, bu, düzgün deyil”, deyə Altman bildirib.
“ChatGPT”nin yaradıcısı olan şirkətin rəhbəri bildirib ki, qanun insanın psixoterapevt və ya hüquqşünasla ünsiyyətinin məxfiliyini qoruyur. O hesab edir ki, bu baxımdan, çat-botla aparılan yazışmalar da eyni şəkildə qorunmalıdır.
Bundan əvvəl Massaçusets Texnologiya İnstitutunun alimləri ChatGPT-dən istifadə ilə bağlı risklər barədə xəbərdarlıq etmişdilər. Tədqiqatçılar qeyd ediblər ki, süni intellekt əsasında çalışan çat-botlardan tez-tez istifadə edilməsi tənqidi düşünmə qabiliyyətini zəiflədə bilər.