...

Bu il neçə nəfər ipoteka ilə ev ala biləcək?

İqtisadiyyat Materials 5 Fevral 2025 11:13 (UTC +04:00)
Bu il neçə nəfər ipoteka ilə ev ala biləcək?
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Sabahdan ipoteka kreditlərinin alınması üçün müraciətlər mümkün olacaq. İpoteka və Kredit Zəmanət Fondu artıq 2025-ci il ərzində ipoteka kreditlərinin verilməsi üçün banklara ipoteka kreditlərinin verilməsi üçün limitlər ayırıb. Sabah adi ipoteka kreditlərinə, birisi gün isə güzəştli kreditlərə müraciət aktiv olacaq.

Trend xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov sosial media hesabında yazıb.

O bildirib ki, bu il ipoteka kreditlərinin verilməsi üçün dövlət büdcəsindən əlavə 100 milyon manat ayrılacaq.

Deputatın sözlərinə görə, dövlət büdcəsindən ayrılan bu vəsaitlər sosial ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün istifadə olunur:

"Praktik olaraq, hər maliyyə ilində güzəştli ipoteka kreditlərinin verilməsi üçün ayrılmalar olur və həmin ilin payızında vəsait nizamnamə kapitalına əlavə olunur. Qeyd edək ki, güzəştli kreditlər maksimum məbləğ 100 min manat olmaqla 4 faizlə 30 il müddətinə təklif olunur".

"Bununla yanaşı, bu il yanvarın 21-də Fond 100 milyon manatlıq istiqrazlar emissiya edib. Bu vəsait adi ipoteka kreditlərinin verilməsi üçün istifadə olunur. Ötən ildə Fondun vəsaiti hesabına müvəkkil banklar tərəfindən 439,8 milyon manat həcmində 4685 ipoteka krediti, o cümlədən, 357,7 milyon manat məbləğində 3609 adi ipoteka krediti və 82,1 milyon manat məbləğində 1076 güzəştli ipoteka krediti verilib.

2025-ci ildə dövlət büdcəsindən Fonda ayrılan vəsaitin həcmi 2024-cü il ilə müqayisədə 87.7 milyon manatdan 100 milyon manata çatdırıldığı üçün bu il daha çox vətəndaşımızın ipoteka kreditlərindən yararlanacağı gözlənilir. Bu o deməkdir ki, 2025-ci ildə 5 minə yaxın vətəndaşımız ipoteka hesabına mənzil sahibi ola biləcək", - deyə V.Bayramov bildirib.

Qeyd edək ki, indiyədək fond tərəfindən 52 min 798 ipoteka krediti verilib. Verilmiş ipoteka kreditlərinin məbləği isə 3 milyard 338 milyon manatdan çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti