Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyi çimərliklərlə bağlı təhlükəsizlik qaydaları ilə əlaqədar əhaliyə növbəti dəfə müraciət edib.
Trend-in məlumatına görə, müraciətdə deyilir ki, nazirlik tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, bəzi insanlar tərəfindən çimərliklərlə bağlı təhlükəsizlik qaydalarının pozulması hallarına rast gəlinir.
"Bu da sonda acı nəticələrə səbəb olur", - qurumdan qeyd edilib.
Xüsusilə həftəsonu insanların istirahət üçün kütləvi şəkildə dənizə üz tutmasını nəzərə alaraq, FHN əhaliyə bir daha müraciət edərək çimərliklərlə bağll təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb:
"Belə ki, aşağıdakılar qadağandır:
- çimərlik kimi nəzərdə tutulmamış ərazilərdə çimmək;
- çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək;
- küləkli havada dənizə girmək;
- çimərlikdə gecələmək;
- sərxoş halda çimərlikdə olmaq;
- suda kobud hərəkətlər etmək;
- çimərlikdə balıq tutmaq;
- xilasetmə texnikasından başqa digər qayıq və kiçik gəmilərlə çimərliyə daxil olmaq!
Yadda saxlayın:
- çimərlikdə uşaqlar nəzarətsiz qalmamalı, xəbərdaredici nişan və lövhələrin göstərişlərinə, xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl edilməlidir!
- Qızmar günəş altında fasiləsiz dayanmaq, hava qaraldıqdan sonra suya daxil olmaq təhlükəlidir!".
Təhlükə zamanı 112-yə zəng etmək tövsiyə edilib.