Bakı. Trend:
Azərbaycanın müxtəlif informasiya strukturlarına kiberhücumları dayanmır, 7/24 daima hər gün, hər saat olur.
Trend xəbər verir ki, bunu “Critical Infrastructure Defence Challenge 2023” tədbirində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) idarə rəisi Tural Məmmədov deyib.
O qeyd edib ki, bununla bağlı mütəmadi statistikalar da təqdim edilir:
"Kiberhücumların konkret olaraq hansı ölkələrdən olmasını İP-dən aydınlaşdırmaq çətindir. Çünki bunlar anonimləşdirilib, saxtalaşdırılır. Bu hücumların formatına, istiqamətlərinə diqqət etsək, eyni zamanda, edilən analizlərə əsasən onların çoxunun qonşu ölkələrdən təşkil olunmuş olduğu müəyyən edilir. Xidmətimiz hücumlara qarşı 7/24 monitorinq həyata keçirir və dövlət qurumlarının informasiya sistemlərinin mühafizəsi üzərində aktiv çalışır".
T.Məmmədov qeyd edib ki, aktivlik dönəminə uyğun olaraq müxtəlif dövlət qurumlarının saytına kiberhücumlar ola bilir.
"Müharibə, antiterror tədbirləri zamanı Prezident İlham Əliyevin və Müdafiə Nazirliyinin rəsmi səhifəsinə kiberhücumlar olurdu. Eləcə də, kritik infrastrukturlara qarşı kiberhucumlar da müşahidə edilir. Bunların arasında banklar və digər strukturlar da olur. Eyni zamanda, vətəndaşlara da kütləvi mesaj, dezinformasiya vasitələrinin ötürülməsinin şahidi oluruq".