Bakı. Trend:
Müəyyən amillər miqren tutmasına qıcıq rolunu oynaya bilər. Bu amillərin aşkarlanmasının həm diaqnostik, həm də müalicəvi əhəmiyyəti var. Bu barədə səhiyyə Nazirliyinin Elmi- Tədqiqat Tibbi Bərpa İnstitutunun nevroloqu Pərviz Axundov deyib.
Trend Pərviz Axundovla müsahibəni təqdim edir:
- Səhiyyə Nazirliyinin sosial şəbəkələrdəki hesablarına başağrıları ilə bağlı çoxlu sayda suallar daxil olduğundan, bugünkü mövzu başağrılarına həsr edilib. Doktor, ilk öncə bilmək istərdik ki, baş ağrılarının hansı növləri var?
- Qeyd etmək istəyirəm ki, Baş Ağrılarının Beynəlxalq Təsnifatında 200-dən çox baş ağrısı növü mövcuddur. Bu ağrılar birincili və ikincili olmaqla iki qrupa bölünür. Birincili baş ağrıları heç bir səbəb olmadan ortaya çıxan ağrılara deyilir. Baş ağrıları 90%-dən çox halda birincili olur. Bura miqren, gərginlik baş ağrıları, klaster başağrısı və digər birincili baş ağrıları növləri aiddir. İkincili başağrıları zamanı başağrısı əsas xəstəliyin baş verməsi səbəbindən meydana çıxır və infeksion, şiş, damar, medikamentoz və digər mənşəli baş ağrılarını əhatə edir.
- Miqren necə meydana gəlir və onun inkişafına nə səbəb olur?
- Genetik, serebro-vaskulyar və neyronal səbəbləri məlum olan
miqrenin biokimyəvi və fizioloji risk faktorları ona zəmin yaradır.
Qeyd etdiyimiz kimi miqrenin səbəblərinin ən başında genetik
faktorlar gəlir. Ailədə miqren varsa, miqren olma ehtimalı 40%-dir.
Hər iki valideyini miqren xəstəsi olan şəxslərdə isə 75% halda
miqren şikayətləri olur. Miqren ağrısının səbəblərindən biri də
hormonal dəyişiklərdir.
Dəqiq məlum olmayan səbəblərdən ağrı tutmasının başlanğıcında
serotoninin depolardan xaric olması nəticəsində onun qan
plazmasında miqdarı artır. Bu da, kəllədaxili damarların ilkin
daralmasını şərtləndirir. Sonradan serotoninin miqdarının enməsi
damarların genişlənməsinə, onların divarlarının gərilməsinə və
xarakterik ağrıların yaranmasına gətirib çıxarır.
- Miqren ağrıları özünü necə büruzə verir?
- Miqren ağrılarının səciyyəvi xüsusiyyətlərinə ağrıların
birtərəfli (ağrıdan ağrıya o yerini dəyişə bilər) olması, pulsasiya
etməsi, ağrıların ürəkbulanma, qusma, işığa və səsə qarşı
həssaslığın artması ilə birgə müşayiət olunması xasdır. Miqrenoz
ağrılar üçün bir qayda olaraq fiziki yüklənmə zamanı ağrının
güclənməsi xarakterikdir.
Miqren tutmaları ildə bir dəfədən hər gün baş verən tutmalara
qədər, davamı isə 4-72 saat ola bilər. Xəstələrin təxminən 20%-də
ağrıdan əvvəl aura deyilən ocaqlı nevroloji əlamətlər müşahidə
edilir. Bu da auralı miqren kimi təsnifləndirilir. Aura adətən 60
dəqiqəyə kimi davam edir və ondan sonra 1 saat ərzində ağrılar
başlayır. Daha çox görmə aurası müşahidə edilir ki, bu da özünü göz
önündə ziqzaq və dalğalı cizgilər, parlaq nöqtələr, ulduzlar və ya
skatoma deyilən kor nöqtələr şəklində özün biruzə verə bilər.
Ayrıca baş gicəllənmə, əl və ayaqda gücsüzlük, nitq, hissiyyatın
pozulmaları kimi əlamətlərlə büruzə verən auralar da məlumdur.
- Miqren ağrıları nələrin təsirindən yarana bilər?
- Müəyyən amillər miqren tutmasına qıcıq rolunu oynaya bilər. Bu
amillərin aşkarlanmasının həm diaqnostik, həm də müalicəvi
əhəmiyyəti var. Bu amillərə isti, soyuq, müxtəlif qoxular, parlaq
işıq, səs-küy, fiziki gərginlik, xronik stress, yuxu pozulmaları,
vaxtsız və pis qidalanma, tutun çəkmə, cinsi yetkinlik dövrü,
menstruasiya və ya ovulyasiya, menopauza, hamiləlik aiddir. Xüsusi
olaraq bəzi qida maddələrinin təsirini qeyd etmək lazımdır. Buraya
alkoqol (xüsusən qırmızı şərab), şokolad, ağ pendir, avakado,
sitrus meyvələri, banan, duzlu və hisə verilmiş qidalar,
konsentrant tərkibli şorbalar, sosislər, pizza, koffein tərkibli
qidalar (kofe, kola, çay) aiddir.
- Miqrenin diaqnostikası nəyə əsaslanır?
- Miqren diaqnozunu təsdiqləyən bioloji markerlər, laborator test və ya paraklinik metodlar mövcud deyil. Ona görə də, diaqnoz klinik-anamnestik məlumatlara əsaslanaraq qoyulur.
- Miqrenin müalicə prinsipləri nədən ibarətdir?
- Miqrenin müalicəsi onun profilaktik müalicəsindən və tutmanın
müalicəsindən ibarətdir. Bura ilk öncə, tətikləyici amillərin,
xüsusən dietik amilləri aradan qaldırılması aiddir. Requlyar
qidalanma, yetərli yuxu, kofein və alkoqol istifadəsinin
məhdudlaşdırılması, dozalanmış fiziki yük, yanaşı gedən nevroloji
pozuntuların və arterial hipertenziyanın korreksiyası xüsusi
əhəmiyyət daşıyır. Oral kontraseptiv vasitələr çox vaxt miqrenin
gedişini ağırlaşdırır, ona görə də, digər kontrasepsiya
vasitələrindən istifadə məsləhətdir. Bəzi pasiyentlərdə
qeyri-farmakoloji metodlar – psixomotor relaksasiya, davranış
terapiyası, manual terapiya, boyun-yaxalıq nahiyəsinin massajı və
başqa fizioterapevtik müalicə metodları effektiv olur.
Profilaktik olaraq dərman preparatlarının təyini tez-tez
təkrarlanan (ayda 3 dəfədən çox) və uzunmüddət davam edən (48
saatdan çox) miqrendə, eləcədə də miqren tutmalarını aradan
qaldıran vasitələrin effektsiz olması və ya onların həddən artıq
istifadəsinə meyl olanda göstərişdir. Bu məqsədlə, preparat, yanaşı
gedən xəstəliklər nəzərə alınmaqla, daha təhlükəsiz dərmanlardan
daha effektiv dərmanlar istiqamətində, minimal dozadan başlayaraq
seçilməlidir. Profilaktik dərman maddələri adətən, 3-6 ay müddətə
təyin edilir.
Miqren tutmaları zamanı xəstələr özlərini ala-qaranlıq, sakit
otaqda yüngül hiss edirlər. Tutmanı aradan qaldıran dərman
vasitələri seçilərkən, ağrının ağırlıq dərəcəsi, fərdi həssaslıq,
yanaşı gedən xəstəliklər nəzərə alınmalıdır.
- Miqreni olanlar hansı məşqləri etməlidir?
- Aparılan tədqiqatlar, miqren zamanı yüngül fiziki aktivliyin yaxşı təsir etdiyini sübut edib. Bu cür məşqlər miqren tutmalarının sıxlıq və şiddətini azaldır, profilaktik müalicənin effektivliyini artırır. Çox yorulmamaq şərti ilə düzənli aerobik idmanlar, üzgüçülük, sürətli gəzinti, velosiped sürmək bu məqsədlə seçilə bilər.