Bakı. Trend:
Azərbaycanda ictimai nəqliyyatda bütün ödəniş növlərindən istifadə imkanını təmin etmək məqsədilə mövcud nağdsız hesablaşmalar sisteminin təkmilləşdirilməsi üzrə işlər görülür.
Trend bazar ertəsi xəbər verir ki, bu barədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov "Azərbaycanda mobilliyin transformasiyası proqramı"nın təqdimatında deyib.
"Sistem yenilənəndən sonra təmassız texnologiyanı dəstəkləyən bütün bank kartları və mobil tətbiqlərlər ödəniş etmək mümkün olacaq. Gələn aydan bir neçə marşrutda bank kartı ilə ödəniş sınaqdan keçiriləcək. Sınaqlardan sonra gələn ilin ilk rübünün sonunda yeni ödəniş sisteminin tətbiqinə başlanılacaq", - deyə o qeyd edib.
Xatırladaq ki, Mərkəzi Bankın 2023-cü il noyabrın 1-nə olan məlumatlarına görə, Azərbaycanda ödəniş kartlarının sayı ötən ilin analoji dövrü ilə müqayisədə 2,808 milyon və ya 20,95 faiz artaraq 16,21 milyona çatıb. Ötən ilin analoji dövründə isə bu göstərici 13,402 milyon olub.
(Tərcümə: Rəna Əbdürəhmanova)