Bakı. Trend:
Davranış və ünsiyyət problemlərinə qarşı ciddi diqqətin tələb edildiyi şagirdlərlə autizm sahəsində işləmək üçün xüsusi biliklərə malik olan peşəkar mütəxəssislərin tədris prosesinə cəlb edilmələri mütləqdir. Bu barədə Səhiyyə Nazirliyi Sanator-Kurort Reabilitasiya Mərkəzinin psixoloqu Lalə Nəzərova deyib.
Trend L.Nəzərova ilə müsahibəni təqdim edir:
- Bilmək istərdik ki, autizm nədir?
- Autizm və ya autizm spektr pozuntusu (ASP) uşağın ünsiyyətinə
və davranışına təsir edən nevroloji inkişaf pozğunluqları
kompleksidir. Simptomları bəzən çox erkən yaşlarda müşahidə
olunur.
Qeyd edilən pozuntunun müxtəlif növləri var. Bunlara autizm,
Asperger sindromu, Rett sindromunu aid edə bilərik.
- Autizm/İƏDP diaqnozu nə zaman qoyulur?
- Sadalanan bu halların arasında dərəcələrinə görə incə fərqlər olsa da, müalicə üsulları, müvafiq tədris planları bütün hallar üçün olduqca oxşar bir məzmundadır. Müayinə olunan şəxsdə üç əsas sahəyə aid müvafiq əlamətlər müşahidə edildiyi təqdirdə autizmlə bağlı diaqnoz müəyyən edilir. Biz bura başqaları ilə qarşılıqlı münasibətlərin qurulması, ünsiyyət və davranışı aid edə bilərik. Uşaqlar oxşar davranışlar göstərən zaman autizmə (yaxud yuxarıda qeyd olunan digər pozuntulara) aid səciyyəvi dəyərləndirmədən kənar hərəkətlərə yol verirlərsə, onlara inkişaf əngəlləyici dərin pozuntu diaqnozu qoyula bilər.
- Autizmin əlamətləri hansılardır?
- Uşaqlarda ASP üç yaşınadək müəyyən edilir. Bunlara nitqin
inkişafının ləngiməsi və sözləri başa düşməkdə çətinlik, müəyyən
hərəkətləri ardıcıl olaraq dəfələrlə təkrarlama, məişət jestlərini
anlamamanı daxil edə bilərik. Həmçinin, bu pozğunluğu olan uşaqlar
nadir hallarda göz kontaktı qurur, onlarda gülümsəmə çox gec
inkişaf edir, uyğun üz ifadələrinin ötürülməsində çətinlik çəkir və
yaxud etmir, uşaqlarla oynamır, digər uşaqlara maraq göstərmirlər
və s. Qeyd etdiyimiz xüsusiyyətlərin bəziləri, yaxud da hamısı
pozuntuların bütün formalarında (ən zəifindən kəskininədək)
müşahidə oluna bilər. Bu uşaqların bəziləri danışmırlar. Digərləri
danışmağa can atırlar, lakin dedikləri sözlər sadəcə təkrarlanmadan
ibarət olur.
Danışıq qabiliyyətləri nisbətən, daha çox inkişaf edən uşaqlar
yalnız sadə və məhdud mövzulardan danışmağa meyilli olurlar. Onlar
özlərinə mücərrəd görünən məsələlərdən danışmağa çətinlik çəkirlər.
Oynayan zaman eyni hərəkətlərin təkrarlanması, maraqların çox
məhdud ölçüdə ifadə olunması, ünsiyyət qabiliyyətlərinin zəifliyi,
bütün bunlar çoxsaylı müşahidələr nəticəsində aşkar edilən
əlamətlər sırasındadır. Autizm spektr pozuntulardan əziyyət çəkən
uşaqlar əsasən səs-küy, işıq, müəyyən yeməklər, yaxud əşyalara da
qeyri-adi reaksiya verə bilərlər. Bundan əlavə, çox vaxt autizmli
uşaqlar qeyri-adi qabiliyyətlərə malik olurlar.
- Bu zaman uşağı öyrənməyə cəlb etmək nə dərəcədə önəmlidir?
- Belə uşaqlar 3 yaşa qədər erkən müdaxilədən istifadə etməklə
yanaşı, fərdi ehtiyaclarına uyğun hər hansı bir tədris proqramına,
yəni uşaq bağçalarına da cəlb edilməlidirlər. Autizm/İƏDP-ı olan
şagirdlər (3 yaşından 22 yaşına qədər) üçün nəzərdə tutulan tədris
proqramları təhsil təlimatları ilə yanaşı, danışıq, ünsiyyət,
davranış qabiliyyətlərinin və gündəlik yaşayış vərdişlərinin
yaxşılaşdırılması məsələləri üzərində cəmlənir.
Həmin mütəxəssislər istər məktəbdə, istərsə də məktəbdənkənar
fəaliyyətlərin yerinə yetirilməsi zamanı, eləcə də reabilitasiya
mərkəzində uşaqlarla işləməli, onlar üçün Fərdi Qayğı Planını
hazırlamalı və bu planın həyata keçirilməsinə yardım etməlidirlər.
Fərdi Qayğı Planı uşağın bütün ehtiyaclarına əsaslanaraq, uşağa aid
olan müdaxilələri, tədris (Fərdi Tədris Planı), reabilitasiya və s.
xidmətləri özündə əks etdirməlidir.
Tədris proqramının davamlı və etibarlı bir tərzdə həyata
keçirilməsi məqsədilə autizm spektr pozuntuları olan uşaqlar üçün
dərs və məşğələləri uyğun mühitdə təşkil edilməlidir. Belə
şagirdlər vizual olaraq təqdim edilən informasiyanın həm də şifahi
şəkildə ifadə olunduğu təqdirdə dərslərini daha yaxşı mənimsəyə
bilirlər.
Digər həmyaşıdlarla qarşılıqlı münasibətlər də əhəmiyyətlidir. Belə
ki, danışıq, ünsiyyət və davranış qabiliyyətlərinə dair müvafiq
nümunələrlə onlara müsbət təsir göstərə bilirlər. Autizm/İƏDP-ı
olan uşaqlar üçün davamlılıq və davamiyyət məsələsi olduqca
önəmlidir. Valideynlər həmişə övladları üçün nəzərdə tutulan tədris
proqramlarının işlənib hazırlanmasında iştirak etməlidirlər. Bu,
dərslərin mənimsənilməsi, təcrübələrin qazanılması və müəyyən
yanaşmaların tətbiqində daha çox səmərə əldə edilməsinə kömək
edir.
Autizm/İƏDP-ı olan şagirdlərin tədris ehtiyaclarını təmin etmək
üçün tərtib olunan təhsil proqramları yetkinlik yaşında olanlara iş
və məişət məsələlərində, xüsusi dəstəyin göstərilməsi gələcək
fəaliyyətlərində onlar üçün geniş imkanlar aça bilər.
- Valideynlərə tövsiyələriniz nə ola bilər?
- Autizm/İƏDP haqqında nə qədər məlumatlı olsanız, bir o qədər
özünüzə və övladınıza kömək edə bilərsiniz.
Övladlarınızla qarşılıqlı münasibət yaradarkən və ona nəyisə
öyrədərkən, onda müsbət reaksiya və cavab oyatmağa çalışın.
Uşaqlarınızın zəif cəhətlərini müəyyən etməyi öyrənməlisiniz ki,
onları aradan qaldırmaq mümkün olsun.
Təcrübələr göstərir ki, övlad qayğısına qalmaq məsələsində həssas, sevgi dolu, səbirli və intizamlı yanaşmanın çox böyük köməyi olur. Övladınızın bacarıqları və ehtiyaclarını nəzərdə tutan təhsil proqramlarının işlənib hazırlanması üçün erkən müdaxilə üzrə mütəxəssislərlə yanaşı, müəllimlərlə birgə səy göstərməlidirlər.