...

UNEC-də tələbələrin yaşıl iqtisadiyyata həsr olunan beynəlxalq konfransı keçirilib (FOTO)

Cəmiyyət Materials 30 May 2024 12:54 (UTC +04:00)
UNEC-də tələbələrin yaşıl iqtisadiyyata həsr olunan beynəlxalq konfransı keçirilib (FOTO)

Bakı. Trend:

UNEC-in Rus İqtisad Məktəbində “Davamlı inkişaf şəraitində yaşıl iqtisadiyyat: çağırışlar və gözləntilər” mövzusunda tələbə və gənc tədqiqatçıların beynəlxalq elmi-praktiki konfransı keçirilib.

Altı ölkənin 200-dən çox gənc tədqiqatçısını bir platformada toplayan beynəlxalq konfransın açılışında çıxış edən elm və innovasiyalar üzrə prorektor dosent Fariz Əhmədov konfransın mövzusunun əhəmiyyətindən söz açıb. O, müasir iqtisadiyyatın aktual tədqiqat sahəsinə çevrildiyini diqqətə çatdıraraq, COP-29-la bağlı UNEC-də keçirilən tədbirlərdən və gənclərin bu istiqamətdə üzərinə düşən vəzifələrdən danışıb.

Rus iqtisad məktəbinin direktoru dosent Mənsur Bərxudarov tədbirdə elm və təhsil nümayəndələri ilə yanaşı, özəl və dövlət sektorlarının nümayəndələrinin də təmsil olunduğunu qeyd edərək, beynəlxalq konfransda yaşıl iqtisadiyyatın Azərbaycan, o cümlədən dünya qarşısında qoyduğu məsələlərlə bağlı müzakirələrin aparılacağını qeyd edib.

Sonra məruzəçilər qismində çıxış edən UNEC nəzdində İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun direktoru, professor Yadulla Həsənli, Rusiya Elmlər Akademiyasının həqiqi üzvü professor Bəhram Əliyev yaşıl iqtisadiyyatın ayrı-ayrı aspektləri, həlli tələb olunan məsələlər, təhsil sahəsinin bu proseslərdə yeri və rolu haqqında danışıblar.

Beynəlxalq konfrans 7 panel sessiya üzrə Azərbaycanın müxtəlif ali təhsil müəssisələrinin nümayəndələri ilə yanaşı, Rusiya, Türkiyə, Qazaxıstan, Belorus və Yunanıstanın tələbə, magistr və doktorantlarının məruzələri ilə davam edib. UNEC-in nüfuzlu alimlərinin, eləcə də yaşıl iqtisadiyyatla bağlı tanınmış elm nümayəndələrinin moderator qismində çıxış etdikləri sessiyalarda mövzu ilə bağlı maraqlı müzakirələr də aparılıb.

Konfransın sonunda Rus İqtisad Məktəbinin yaradıcı klubunun üzvləri maraqlı konsert proqramı ilə çıxış ediblər.

Xəbər lenti

Xəbər lenti