...

Qarabağ Universiteti ilk tələbələrini qarşılamağa necə hazırlaşır? (ÖZƏL)

Cəmiyyət Materials 5 Avqust 2024 15:34 (UTC +04:00)
Qarabağ Universiteti ilk tələbələrini qarşılamağa necə hazırlaşır? (ÖZƏL)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Hazırda binanın ərazisi 1 (bir) ha təşkil edir. Bina 6800 m2 olmaqla 50 tədris otağı, 41 inzibati otaq, 1 (bir) akt zalı, 1 (bir) iclas zalı, 2 kitabxana, 1(bir) idman zalı, 1 (bir) gimnastika zalı, 4 laboratoriya, 2 informatika kabineti və 1 (bir) yeməkxanadan ibarətdir. İyul ayında binada tədrisin təşkilinə uyğun olaraq yeni texnologiya planı və ümumi layihələndirmə işləri davam edib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq, Elm və Təhsil Nazirliyindən bildirilib.

Qeyd edilib ki, binanın inventar və avadanlıqlarla təchizatı, həmçinin, laboratoriyaların qurulması işlərinə başlanılıb.

"İlkin texniki tapşırıqlar və laboratoriyaların təchizatı üçün nəzərdə tutulan avadanlıqların siyahısı hazırlanıb, eyni zamanda, otaqların layihə üzrə təsdiqi və avadanlıqların yerləşdirilməsinin layihələndirilməsi işləri icra olunur.

Bununla yanaşı, binanın qarşısında salınması nəzərdə tutulan park üçün baş plan yekunlaşıb. İyul ayında 2.8 hektar torpaq sahəsinin daxilində yerləşən 14 binanın söküntüsü və tullantıların daşınması işləri həyata keçirilib.

Əlavə olaraq bildiririk ki, universitet binasının mövcud yataqxanasında hərbi hissə yerləşdiyindən ərazinin yaxınlığında olan 9 (5 və 6 mərtəbəli) yaşayış binasının yataqxana olaraq istifadəsi nəzərdə tutulur. Universitet binasında fasadın boyanması, tullantıların daşınması işləri yerinə yetirilib və daxildə təmir işləri davam etdirilib. Yataqxana binasında isə daxildə otaqların təmir işləri yekunlaşmaq üzrədir və mebellərin quraşdırılmasına başlanılıb", - nazirlikdən bildirilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 28 noyabr 2023-cü il tarixili sərəncamı ilə Qarabağ Universiteti yaradılıb. Yeni yaradılmış Qarabağ Universitetində dərslərin 2024-cü ilin 15 sentyabr tarixindən başlanması nəzərdə tutulur. Nazirlər Kabinetinin 6 fevral 2024-cü il tarixli qərarı ilə Qarabağ Universitetinin Nizamnaməsi təsdiq olunub. 15 fevral 2024-cü ildə Prezident İlham Əliyevin sərəncamı ilə Qarabağ Universitetinin fəaliyyətinin təşkili üçün Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə 10 milyon manat ayrılıb.

Qarabağda ali təhsil ənənəsi tarixən mövcud olub. 1969-cu ildə Qarabağda ilk ali təhsil müəssisəsi Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi qurulmuşdu. 1973-cü ildən 1988-ci ilədək ali təhsil müəssisəsi kimi fəaliyyət göstərmişdi. İşğal dövründə isə fəaliyyətini dayandırmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti