...

Azərbaycana səfər edən xarici vətəndaşların sayı ilə bağlı GÖSTƏRİCİLƏR

İqtisadiyyat Materials 20 Avqust 2024 14:59 (UTC +04:00)
Azərbaycana səfər edən xarici vətəndaşların sayı ilə bağlı GÖSTƏRİCİLƏR
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin I yarımilində Azərbaycana 1 231 125 nəfər xarici ölkə vətəndaşı səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 34% və ya 312 288 nəfər çox olub.

Trend xəbər verir ki, bunu MTM-in (Media Təhlil Mərkəzi) Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi məlumatlar əsasında apardığı təhlil göstərir.

Qeyd edilib ki, ölkəmizə səfər edən xarici ölkə vətəndaşlarının 69,02%-i və ya 849 717 nəfəri turizm məqsədilə gəlib və onların sayı 2023-cü ilin ilk 6 ayı ilə müqayisədə 41,8% və ya 250 592 nəfər artıb:

"2023-cü ilin birinci yarısında bu rəqəm 599 125 olub və ölkəmizə gələn xarici ölkə vətəndaşlarının 65,2%-ni təşkil edib. Həmin dövrdə Azərbaycana gələn xarici ölkə vətəndaşlarından 319 712-si isə digər məqsədlər üçün ölkəmizə səfər ediblər. 2024-cü ilin I yarımilində isə Azərbaycana digər məqsədlərlə gələn turistlər ölkəmizə səfər edənlərin 30,98%-ni təşkil edib ki, bu da 381 408 nəfər xarici ölkə vətəndaşı deməkdir. Digər məqsədlərlə ölkəmizə səfər edənlərin sayı ötən ilin I yarımili ilə müqayisədə 19,8% və ya 61 696 nəfər çox olub.

Digər məqsədlər üçün ölkəmizə gələnlərə mövsümi, qısa və ya uzun müddətə işləmək üçün səfər edənlər, təhsil almaq üçün gələnlər, ictimai nəqliyyat vasitələrinin, eləcə də idxal yüklərini daşıyan avtomobillərin sürücüləri və heyət üzvləri, xarici ölkələrin səfirliklərində, konsulluqlarında, beynəlxalq təşkilatların nümayəndəliklərində çalışanlar, onların ailə üzvləri, onlarla birlikdə ölkəmizdə yaşayan əcnəbilər və digər şəxslər daxildir. Məqsədindən asılı olmayaraq 90 gündən artıq müddətə ölkəmizə səfər edən şəxslər də bu qrupa aiddir".

Bildirilib ki, cari ilin ilk 6 ayı ərzində digər məqsədlərlə ölkəmizə səfər edən 381 408 xarici ölkə vətəndaşının 35,79%-i və ya 136 495 nəfəri Türkiyə vətəndaşıdır:

"İkinci sırada 100 485 nəfər (26,35%) ilə cənub qonşumuz İran, üçüncü sırada 63 802 nəfər (16,73%) ilə şimal qonşumuz Rusiya, dördüncü sırada isə 22 145 nəfər (5,81%) ilə Gürcüstan yer alıb.

Cari ilin birinci yarısında ölkəmizə turizm məqsədilə səfər edən xarici ölkə vətəndaşları arasında Rusiyadan gələnlərin sayı daha çox olub. İlk 6 ayda Rusiyadan ölkəmizə 296 132 turist gəlib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 25,4% və ya 59 922 turist çox deməkdir. 117 306 turist sayı ilə Hindistan ikinci sırada yer alıb. 2024-cü ilin I yarımilində Hindistandan Azərbaycana gələn turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 154,6% (2,5 dəfə) və ya 71 237 nəfər çox olub. Ötən ilin I yarımilində ikinci sırada yer alan Türkiyə cari ilin birinci yarısında 77 083 turistlə üçüncü yerdə qərarlaşıb. Qardaş ölkədən Azərbaycana gələn turistlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 21,8% və ya 13 819 nəfər artıb.

Cari ilin birinci yarısında ölkəmizə səfər edənlərin 69,3%-ni və ya 589 225 nəfərini “istirahət və əyləncə” məqsədilə gələnlər təşkil edib və onların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 60,5% və ya 222 012 nəfər artıb.

“Qohumlara, dostlara baş çəkmək” üçün Azərbaycana gələn turistlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,8% və ya 10 655 nəfər artaraq 131 462 nəfərə çatıb. Bu məqsədlə ölkəmizə səfər edənlərin sayı ümumi turistlərin sayının 15,5%-ni təşkil edib.

“İşgüzar” məqsədlə Azərbaycana gələn turistlərin sayı isə 95 538 nəfər olub ki, bu da ötən ilin I yarımili ilə müqayisədə 18,8% və ya 15 113 nəfər çox deməkdir.

2023-cü ilin I yarımilində olduğu kimi, cari ilin birinci yarısında da ölkəmizə səfər edən turistlər arasında kişilər üstünlük təşkil edib. Daha dəqiq desək, 2024-cü ilin ilk 6 ayında Azərbaycana gələn turistlərin 60,44%-i və ya 513 551 nəfəri kişilərdən ibarət olub və bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 27,8% və ya 111 628 nəfər çox deməkdir. Xatırladaq ki, ötən ilin birinci yarısında ölkəmizə səfər edən turistlərin gender bölgüsündə kişilərin payı daha çox (67,08%) olmuşdu.

Cari ilin ilk 6 ayında qadın turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 70,5% və ya 138 964 nəfər artaraq 336 166 nəfər olub. Artım faizinə görə kişiləri üstələyən qadın turistlər ölkəmizə səfər edən turistlərin 39,56%-ni təşkil edib.

2024-cü ilin ilk 6 ayında ölkəmizə səfər edən turistlərin maliyyə xərcləri arasında nəqliyyata ayırdıqları vəsait daha çox olub. Daha dəqiq desək, onların nəqliyyat xərcləri 714,2 milyon manat təşkil edib.

Yerləşmə üçün turistlər I yarımildə 315,3 milyon manat xərc çəkib və bu, ümumi xərclərin 20,1%-i deməkdir. Yerləşmə xərcləri xərc sıralamasında ikinci sırada yer alıb.

299,7 milyon manatla (19,1%) qidalanma xərcləri üçüncü sırada qərarlaşıb.

Turistlər nəqliyyat, yerləşmə və qidalanma xərclərinə ümumilikdə 1,33 milyard manat ayırıblar və bu da bütün xərclərin 84,6%-ni təşkil edib.

Xəbər lenti

Xəbər lenti